YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixdə ilk…

“Füzuli şəhərinin erməni işğalından azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindən biridir. Oktyabrın 17-də bu şəhərin azad edilməsinin üç ili tamam oldu.  44 günlük Vətən müharibəsində, oktaybrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun bütün yaşayış məntəqələri işğaldan azad edilib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərin qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur: “Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər”.

Millət vəkilinin sözlərinə görə, şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində də lazımi addmlar atılır. İyulun 31-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamın imzalanması da müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu Sərəncamın tarixi, mənəvi və rəmzi mənası müstəsna əhəmiyyət kəsb edir. Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin Ermənistan tərəfindən işğal olunması günlərini böyük acı ilə qeyd edirdi. Bundan sonra isə hər il həmin şəhərlərin işğaldan azad olunma günlərini təntənəli şəkildə qeyd edəcəyik. Oktybrın 17-də Füzuli şəhərində “Füzuli Şəhəri Günü” qeyd olunması da bunun nümunəsidir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, azad edilmiş digər ərazilərdə olduğu kimi Füzulidə də erməni vandalizmi özünü aydın şəkildə göstərir. Belə ki, işğal dövründə Füzuli şəhəri və rayonun kəndləri tamamilə məhv ediliblər. Bütün bunlara görə, Ermənistan dövləti törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Hazırda Füzuli rayonunda böyük bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev dəfələrlə bu bölgəyə səfər edərək rayonun bərpasının rəmzi olan təmməllər atıb. Dövlət başçısının budəfəki səfərində də yeni təməllər atıldı. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Cənab Prezidentin dediyi kimi, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq: “Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”.  Xalqımız əmindir ki, azad olunmuş ərazilərimizdə sürətli bərpa işləri nəticəsində tezliklə həyat öz axarına qayıdacaq, insanlar doğma yurdlarına qayıdaraq firəvan həyat sürəcəklər.