YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misli-bərabəri olmayan Qələbə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

“Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident cənab İlham Əliyev Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla icra edildiyini bildirərək insanların rahat yaşaması və işləməsi üçün müasir infrastrukturun yaradıldığını qeyd etdi. Artıq Füzuli rayonunda 800-dən çox insan yerləşib və ilin sonunda bu say 2 min nəfərə yaxın olacaq. Ölkə başçısı qeyd etdi ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda  Füzuli rayonunda 22 min, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insan yaşayacaq.

30 il öz yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımız böyük maraq göstərirlər ki, doğma torpaqlarına qayıtsınlar. Sonradan yetişmiş nəsil bu torpaqlara qayıdışı böyük xoşbəxtlik hesab edir. Prezident İlham Əliyev sakinlərin diqqətinə çatdırdı ki, bütün layihələr icra edilərkən məşğulluq məsələlərinə böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları məşğulluq məsələsi ilə bağlı ciddi addımlar atırlar ki, öz doğma torpaqlarına qayıdan insanların məşğulluq imkanları da olsun. Özünüməşğulluq proqramı icra ediləcək  və kəndlərdə yerləşən, eləcə də yerləşəcək insanlara dövlət tərəfindən kömək göstəriləcək, onlara texnika, mal-qara, bütün lazımi vasitələr veriləcəkdir. Təbii ki, şəhərlərin də özünəməxsus məşğulluq imkanları olacaq. Ölkə başçısı onu da bildirdi ki,  həyata keçiriləcək kompleks tədbirlər nəticəsində müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında təkanverici bir qüvvəyə çevriləcək.

“Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident cənab İlham Əliyev şəhidlərimizi dərin ehtiramla yad edərək bildirdi ki, bu xoş günlərə görə onlara borcluyuq. Ölkə başçısı vurğuladı ki, dövlətin nə qədər gücü, nə qədər silahı olsa da, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırsa da Qələbəni əldə edən əsgər və zabitlərdir. Əsgər və zabitlərimiz torpaqlarımızın azadlığı uğrunda ölümə gediblər, Zəfər qazanaraq bayrağımızı ucaldıblar. Azərbaycan əsgərinin, zabitinin, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşından heç zaman silinməyəcək. Prezident cənab İlham Əliyev Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhdimizin olduğunu da qeyd edərək bildirdi ki, təəssüflər olsun o zaman torpalarımız itirildi. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimum olsun və buna da nail olundu.

Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə qeyd etdi ki, Qarabağdakı kimi ağır coğrafi məkanda tarixi Qələbə qazanmağın misli-bərabəri yoxdur. Dünya hərb tarixində belə bir qəhrəmanlq və Qələbə yoxdur. Bu qəhrəmanlığı Azərbaycan xalqı göstərmişdir. İşğal dövründə yetişdirilmiş gənc nəsil Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi.