YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın arzuları reallığa çevrildi

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri bu güümüz və gələcəyimiz üçün geniş imkanlar yaratdı. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan xalqı növbəti zəfərin sevincini yaşadı. Belə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi hadisə xalqımızın illərdir qəlbində gəzdirdiyi bu arzunu reallığa çevirdi. Hər zaman bu arzu ilə yaşayırdıq ki, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalansın. Dövlət bşçsı İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı fikirlərində hər zaman belə bir əminlik yer tuturdu ki, gün gələcək Azərbaycan Bayrağı Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.

Təbii ki, bu günü anbaan yaxınlaşdıran dövlətimizin qətiyyəti, tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasəti, güclü orrdusu idi. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində bir daha Zəfərə gedən yolumuzu geniş təhlil edərək böyük qürur hissi ilə qeyd etdi ki, bu gün burada, Xankəndində Azərbaycan Bayrağı altında olmaq böyük xoşbəxtlik və tarixi hadisədir. 

Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi xalqa müraciətində söylədiyi “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək” fikirlərində özünün aydın ifadəsini tapdı. Müzəffər Ali Baş Komandan bu məkandan belə bir mesajı da ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”

Oktyabrın 15-də tariximizə yazılan zəfər səhifəsi bir daha bu reallığı təsdiqlədi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız dünyaya ünvanlanan belə bir  mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq şəhər günləri təsis edilib. Bu sənəd Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfər edərək burada  Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Oktyabrın 17-də isə “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin soydaşlarımızın qayıdışı ilə müşaiyət olunması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyev füzulilərlə görüşündə “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq» söyləyərək bu məqama da xüsusi diqqət yönəltmişdir ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının öz torpaqlarını unudacağını, gənc nəslin tamamilə  başqa bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq: “Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.”

Füzuli rayonunun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri aydın mənzərəsini təqdim etmək mümkündür. Xalqımız tam əmindir ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində sahibinə qovuşan bütün torpaqlarımız cənnət məkana çevriləcək. Böyük Qayıdış Proqramı uğurla başa çatacaq. Azərbaycanın iqtisadi imkanları bu hədəfə yüksək səviyyədə və zamanında nail olmağa əsas verir.  Reallıq budur ki, istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu.