YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Zirvəsi

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir.  

O gün Qarabağ torpağı bir daha Zəfər nidaları ilə canlandı. Vətən göyləri üçrəngli bayrağımızın Zəfər nəğməsinı büründü. Cənab Prezident  20 illik fəaliyyətinin Zəfərinə yüksəldi və zirvədən Azərbaycan xalqına hesabat nitqi ilə müraciət elədi. Təvazökarlıqla, qalibiyyətdən doğan qürur hissi ilə. Xalq, Vətənə məhəbbətin, sevginin təntənəli anları tarixə yazıldı. Daha doğrusu, cənab Prezidentin dediyi kimi, öz əli ilə tarixin yeni bir səhifəsini yazdı müdrik sərkərdə: "İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq".

20 il bundan əvvəl ilk dəfə Prezident seçilərkən xalqa verdiyi vədi xatırlayan Müzəffər sərkərdə dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Bəli, cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. Prezident İlham Əliyev göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. 20 il ərzində Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, qüdrətli orduya sahib olması yolunda çəkilən əziyyət hədər getmədi. 30 il bundan əvvəl təklənmiş Azərbaycan indi öz müttəfiqləri və dostları ilə haqlı olaraq öyünə bilər. Ağıllı, müdrik xarici siyasətin, ulu öndər Heydər Əliyev siyasi kursunun ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan regionda söz sahibinə çevrildi.

Cənab Prezident çıxışında bunları belə ifadə etdi: “Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.”

         44 gün çəkən Vətən müharibəsi, 23 saat davam edən antiterror əməliyyatı bir daha göstərdi ki, bu xalqın iradəsini sındırmaq, onu məğlub etmək mümkün deyildir. Sadəcə hər şeyin zamana, bir də qalib sərkərdəyə ehtiyacı varmış. Zaman da, sərkərdə də öz sözünü dedi. Bu torpaq uğrunda minlərlə övladını şəhid verən Azərbaycan fəxrlə, qürurla yaşamaq haqqını özünə qaytarmış oldu. Qarşısında ucaltdığı üçrəngli bayrağımıza qürur hissi ilə baxan cənab Prezident “Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik” deyərək bir daha xalqımıza o tarixi anların sevincini yaşatdı.  

Çıxışını “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” cümləsi ilə bitirən cənab İlham Əliyev 20 illik hakimiyyətinin Azərbaycan xalqına yaşatdığı qələbə sevincini, fəxarət duyğularını qürur  hissi ilə millətinə, doğma Azərbaycana ərməğan etdi.