YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təkmil şəhərsalma təcrübəsini təqdim edir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

“Heydər Əliyev İli”ndə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltması özündə bütün məqamları ehtiva edir. Ölkə Prezidenti bir daha sübut etdi ki, nəyi deyiriksə onu da edirik. Eyni zamanda, Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi  müraciətində cənab İlham Əliyevə olan inamı, etimadı özünü  doğrultdu. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  tarixi Zəfərə imza atdıq. Dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri bu sevinci, qüruru xalqımızla paylaşmaq, bu torpaqların tezliklə öz əvvəlki simasına qayıdışını təmin etmək məqsədi daşıyır. Cənab İlham Əliyevin bu məkanlardan ünvanladığı mesajların hər biri gələcəyəinmizə çağırış, Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatıdır.

Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bir daha bu məqamlara diqqət yönəltdi. “Ulu Öndər  Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik” söyləyən ölkə Prezidenti özlüyündə yaranan  “Necə qeyd edirik” sualına cavab olaraq bildirdi ki, Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, siyasətini davam etdirərək qeyd edirik: “ Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.”

Cənab İlham Əliyevin Xankəndidən müraciətində bu mühüm məqam öz təsdiqini tapdı ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır, alnı açıq, üzü ağ olur. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxan xalq kimi dünyanın diqqətində olub. 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi: “Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.”  

Bu gün qürurla torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Bu sevinci bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Oktyabrın 17-də dövlət başçısı İlham Əliyev “Füzuli Şəhər Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Cənab İlham Əliyev keçirdiyi hissləri “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür» fikirləri ilə ifadə edərək onu da əlavə etdi ki, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində  bu yerlərin  müvəqqəti yaşayış yeri olduğunu bildirirdim: “Çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.”

Bu gün sahibinə qovuşan bütün torpaqlarımız dirçəlir. Azərbaycan artıq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir. Bu ərazilərimiz Azərbaycanın təkmil şəhərsalma təcrübəsini təqdim edir. Azərbaycan artıq bu torpaqlarda - Ağdamda və Zəngilanda Milli Şəhərsalma Forumuna ev sahibliyi edib.