YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədə doğru gedirik

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan xalqının illərdir qəlbində gəzdirdiyi arzuları reallığa çevrildi. Üç il öncə tariximizin Zəfər səhifəsi yazıldı. Bu ilin 15 oktyabr tarixində isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ölkə Prezidenti Xankəndidən xalqa müraciət etdi. Bu müraciət 30 illik işğal dövründən bu günədək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatın uğurlarının təqdimatı oldu.  Dövlətimizin başçısı Xankəndidən Azərbaycan xalqına müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik.

Ölkəmiz bu illər ərzində daha da gücləndi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, münaqişənin həlli üçün hüquqi baza yaradıldı. Beynəlxalq standartlara cavab verən Ordumuz formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək illərin qətiyyətinin nəticəsi idi. Azərbaycan  münaqişənin həlli bağlı  dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edirdi. Bildirilirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz.

Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində “Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı» söyləyən cənab İlham Əliyev bildirdi ki, Ermənistanın işğalçı siyasətini  təhlil etdikdə onların  bir qarış torpağımızı  belə bizə qaytarmaq fikrində olmadığını görürük. Məsələnin həlli ilə məşğul olan vasitəçilər də faktiki olaraq münaqişəni dondurmaq, əbədi etmək istəyirdilər: “İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.”

Vətən müharibəsi cəmi 44 gün çəkdi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. Son üç ildə bu Zəfərin yaratdığı reallıqları yaşayırıq. Dövlət başçısı İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Oktyabrın 17-də Füzuli Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyev bu tarixdə füzulilərlə məhz Füzuli rayonunda görüşdü, bu günümüz və gələcəyimizlə bağlı çağırışlarını səsləndirdi.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli tamamilə yenidən qurulur. Dövlət başçısı görüşündə  bu məqamı xatırlatdı ki, Füzuli azad olunanda Bayrağımızı ucaltmaq üçün  hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?!

Qeyd etdiyimiz kimi, Füzuli dirçəlir. Cənab İlham Əliyevin sakinlərlə görüşündə səsləndirdiyi statistik rəqəmlərə nəzər salaq. Öncə oktyabrın 16-da ölkə Prezidentinin Füzuliyə səfəri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Görülən işlər soydaşlarımızın yüksək səviyyədə yaşayışına xidmət edir. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Aylar keçdikcə Füzuliyə qovuşan sakinlərimizin sayı artır. Statistikaya əsasən 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insanın yaşayacağı nəzərdə tutulub. 2026-cı ildə icrası başa çatacaq Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda 22 min insan Füzuliyə qovuşacağı planlaşdırılır. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”