YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın Azərbaycan modeli

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bu gün Qalib Azərbaycan Respublikasının bütün vətənsevər insanları qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımızın yağı düşməndən azad olunması tamamlandı. Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin olundu. Həm də ona görə ki, müharibədən çıxmış ölkə olmaqla sarsımadıq, sınmadıq və bu gün respublikamız müstəqil dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir, güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 20 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib, düşmən üzərində zəfər çalaraq qalib ölkəyə çevrilib.

Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.

Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz xalq, dövlət olaraq bir nömrəli problemimizi həll etmişik. Erməni separatizminin kökünü kəsdik, Qarabağı terrorçulardan təmizlədik. Şuşada, Xocalıda, Xankəndidə-bütün Qarabağda bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir.

Azərbaycan tarixində əlamətdar gün olan 15 oktyabr tarixində Azərbaycan bayrağının Xankəndində ucalması heç də təsadüfi deyil. Məhz 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir və andiçməsi zamanı xalqa verdiyi vədlərin hamısı bu gün reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tarixi hadisədir. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi gün həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.

Prezident İlham Əliyev Qarabağın azad edilməsi üçün tarixi, siyasi şəraiti, əməliyyat planlarını zərgər dəqiqliyi ilə hesablamışdı. Bu zəfərin əsas memarı məhz İlham Əliyevdir. Prezident İlham Əliyev Xankəndidəki çıxışında təvazökarlıq edərək özünün bu qələbədəki rolunu qabartmadı. O çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. 

Bəli dövlət baş­çısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin mütləq surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!

Prezident İlham Əliyev ilk öncə 20 illik fəaliyyəti dövründə demokrati­yanın milli kimliyimizlə uzla­şan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən moder­nist cəmiyyət formalaşdıra bildi. Bu, müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modelidir. Artıq dünya birliyi – beynəlxalq ictima­iyyət “Milli inkişafın-Azərbaycan mo­deli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir.

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Tək­cə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çox­şaxəli inkişaf strategiyalarının prakti­ki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzin­də özünü müstəqil dövlət kimi təsdiq edə bildi və Prezident İlham Əliyevin si­yasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Bu gün ək­sər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan real­laşmır.

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Böyük Qələbəni qanı-canı hesa­bına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiy­yəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxt­liyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaş­dırmış oldu.  “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.

Beləliklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canın qüdrətinə çevrilib.  2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin apa­rılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.

 Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqlar.