YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təkmil dirçəliş modeli

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan xalqı xoşbəxt və qürurlu anlarını yaşayır. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması illərdir arzuladığımız anı reallığa çevirdi. Hər zaman bu arzunu ifadə edirdik- Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalacağı gün uzaqda deyil.

Həmin an yetişdi. Cənab İlham Əliyev böyük qürur hissi ilə Azərbaycan Bayrağını Xankəndidə ucaltdı və buradan xalqa müraciət etdi. Üç il bundan öncə isə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan silahlı qüvvələri diz çökdü. İki gün sonra Ermənistanın kapitulyasiyasını, Azərbaycanın hərbi-siyasi Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciət edərkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Bu məqamı da qürurla vurğuladı ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik! 

Son üç il ölkəmizin həyatında mühüm tarixi məqamlarla zəngindir. Bu ilin  sentyabr ayının 19-da cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən əzəli torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Xalqımız burada əbədi olacaq. Bu reallıqları dövlət başçısı İlham Əliyev Xənkəndindən xalqa müraciətində qeyd edərək belə bir  çağırışı da  səsləndirdi: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”

Cənab İlham Əliyevin vurğuladığı kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə,  dövlətimizlə  haqlı olaraq fəxr edir. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı şəhidlərimizə əbədi borcludur.

Ölkə Prezidenti həmin müraciətində bir daha diqqəti işğal dövründə Azərbaycanın məsələnin sülh danışıqları əsasında həlli istiqamətində göstərdiyi səylərə, Ermənistanın isə danışıqlar prosesinə imitasiya naminə qatılmasına yönəltdi. Bildirdi ki, vasitəçilər də  məsələni dondurmaq istəyirdilər. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatı ilə üzləşib, 44 gündə tarixdə heç vaxt unuda bilməyəcəkləri dərsi alacaqlarını düşünmürdülər.

Artıq dövlətimizin, xalqımızın səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qəbul edən Azərbaycan əsgəri 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı. Bu gün böyük qürur hissi ilə həmin tarixləri qeyd edir, tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən  danışırıq.

17 oktyabrda Füzuli Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyevin oktyabrın 15-də azad edilmiş ərazilərimizə səfərləri sırasında Füzuli də var idi. Oktyabrın 16-da Füzuli rayonunda bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə bura köçmüş sakinlərlə və rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.

Cənab İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı qeyd edir ki, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır.

Dövlət başçısı füzulilərlə görüşündə bu xoş anı belə dəyərləndirdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.”

Son üç il işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü kimi xarakterizə edilir. Genişmiqyaslı bərpa işləri Böyük Qayıdış Proqramının tezliklə başa çatacağına əminliyi artırır. Azərbaycan qurucu xalq olduğunu təkmil dirçəliş modeli ilə bir daha təsdiqləyir.