YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 illik gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

2023-cü il oktyabrın 15-də Azərbaycan xalqı tarixin qızıl səhifələrinə yazılacaq daha bir qürurverici günə şahidlik etdi. Ölkə Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə ucaltdı.

Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin tam təsdiqi olmaqla yanaşı, qalib ölkəmizin uğurlarına kölgə salmağa cəhd edənlərə, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərə ən tutarlı cavab oldu.

Ulu Öndər Heydər Əliyevin vaxtı ilə dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözlər artıq bu gün tam reallığa çevrilib. 2023-cü ilin 15 oktyabr tarixində üçrəngli bayrağımızın Xankəndi şəhərində ucalması heç də təsadüfi deyildi. 20 il əvvəl eyni günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi.

Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi.

Oktyabrın 15-də Xankəndi şəhərində dövlətimizin başçısı xalqa müraciətində ötən günlərə nəzər salaraq bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

“Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”- deyən dövlətimizin başçısı 20 il əvvəl xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz verən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev. 1991-ci ildən sonra ilk dəfə Azərbaycan bayrağını yenidən Xankəndi üzərində dalğalandırdı.

“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Ölkə Başçımızın, Qalib Prezidentimizin qürurla, fəxrlə söylədiyi bu sözlər hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

Dünyanı heyrətə salan böyük qələbədən keçən 3 il ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri geniş vüsət alıb. Prezident cənab İlham Əliyevin müharibə başa çatan kimi söylədiyi “Qarabağı cənnətə çevirəcəyik!” sözləri bu gün reallığa çevrilir.

Bu da onu təsdiq edir ki, biz bu torpaqların sahibləriyik. Qarabağ Azərbaycandır!