YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir

“Azərbaycan davamlı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin reallığa çevrilməsi ilə dünyanın diqqətindədir. Bu fikir daim qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur qazandırmır. Əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Neft gəlirlərinin səmərəli istifadəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  Azərbaycanın malik olduğu təbii ehtiyatların sərvətə çevrilməsini təmin etməklə bugünkü inkişafa, tərəqqiyə geniş yol açdı. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında  bir daha diqqəti Azərbaycanın enerji diplomatiyasının uğurlarına yönəldərək bildirdi ki, tədbir çərçivəsində  üç investisiya sazişinin  imzalanması  planlarımızın  daha geniş olduğunu təsdiqləyir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın atdığı hər bir addım gələcəyə çağırışdır: “Daim yeniliyə, təkmilləşməyə, əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə maraq göstərən ölkəmizin hazırkı dövrün əsas tələbi olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində atdığı addımlar təqdir edilir. Dövlət başçısı İlham Əliyev  Azərbaycana etibar edən, bərpa olunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirdi. Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyası 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Layihənin icrasının qısa zamanda başa çataraq rəsmi açılış mərasimin keçirilməsi Azərbaycanın, eyni zamanda, tərəfdaş ölkənin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Bu layihə çoxsaylı layihələrin birincisidir.”

Nurlan Həsənov Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olmasından geniş bəhs edib: “Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycana investisiya axınını sürətləndirdi. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Buna əsas verən ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu idi. Bu reallığı da qeyd etməliyik ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində mövcud ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu tərəddüdlər aradan götürüldü. Ulu Öndər belə bir çağırışı etdi ki, xarici iş adamları Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyanın təhlükəsizliyinə tam əmin ola bilərlər.  Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində  dövlət başçısı İlham Əliyev diqqəti  sosial-iqtisadi göstəricilərə yönəldərək bildirdi ki,  son 30 ildə  çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard  dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Bu reallıq da aydındır ki, neft və qaza hələ uzun illər  beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik.”

Millət vəkili qeyd edib ki, hər bir tədbir ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: “Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində səsləndirilən statistik rəqəmlər Azərbaycanın iqtisadi imkanlarının gələcək hədəflərə yüksək səviyyədə nail olmağa əsas verdiyini təsdiqləyir. Belə ki, son 20 ildə ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq. İqtisadiyyatın inkişaf göstəricisi olan bu rəqəmlər belə bir ümumiləşdirməyə əsas verir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Bundan sonra daha neçə-neçə layihələr reallığa çevriləcək. Azərbaycan əməkdaşlıq əlaqələrinin coğrafiyasını genişləndirməklə ümumilikdə regional inkişafa töhfələrini daha da artıracaq.”