YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atılan mühüm addım

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Hazırda bütün ölkələrdə yaşıl enerji ilə təchizat dünya gündəminin aktual mövzularındandır. Bu sahədə böyük potensiala malik Azərbaycanda önəmli layihələr həyata keçirilir. Hesablamalara görə Xəzər dənizinin külək potensialı 157, qurudakı potensial 27 qiqavatdır. Vətən müharibəsində işğaldan azad edilmiş  ərazilərimizdə həyata keçirilən layihələrin reallaşması ilə ölkəmizdə yaşıl enerji istehsalı daha da artacaq. Bu torpaqlarımız bərpa olunan enerji sahəsində zəngin  potensiala malikdir.

Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni təqdim etdi. Belə ki, oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu tədbir Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirildi.  Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Dövlət başçısı bu mühüm tədbiri böyük yolun başlanğıcı kimi xarakterizə edərək Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və ölkəmizin yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirdi və vurğuladı ki, bu  layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.

Prezident İlham Əliyevin qürurla bildirdiyi kimi, Azərbaycan xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycanın Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində dünyada ön yerlərdə qərarlaşması deyilənləri təsdiqləyir.

Azərbaycanın enerji diplomatiyası davamlı uğurları ilə diqqətdədir. Günün aktual mövzusu- bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində Azərbaycanın göstərdiyi səylər beynəlxalq səviyyədə təqdir edilir.

Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməklə iqlim dəyişikliyinin azalmasına və ekosistemin qorunmasına böyük töhfə verəcək. Layihə, həmçinin enerji mənbələrinin diversifikasiyasına və digər yanacaq növlərindən asılılığı azaltmaqla ölkəmizin enerji təhlükəsizliyinin artmasına səbəb olacaq. Stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpa olunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir.

Cənab İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurları geniş təhlil edərək bu hədəfi də açıqladı ki, bütün planlarımız həyata keçəcək: “Bugünkü mərasim faktiki olaraq bunu nümayiş etdirir. Mən həm də ümidvaram ki, bugünkü mərasim yaxşı nümunədir və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə gəlib bizimlə işləmək üçün yaxşı siqnal olacaq. Mən bilirəm ki, bu yaxınlarda bizim milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Bilirəm ki, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Beləliklə, biz indi həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.”

Reallıq budur ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə  çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: “Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.”

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Son 20 ilin reallıqları Azərbaycanın hər bir hədəfə yüksək səviyyədə nail olduğunu təsdiqləyir.