YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman investisiya cəlbediciliyini qoruyur

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Dövlət başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir açılış mərasimindəki çıxışlarında bu mühüm layihənin perspektivlərindən geniş bəhs etdilər. Ölkəmizlə əməkdaşlığa verilən önəm səsləndirilən hər bir fikirdə özünün aydın ifadəsini tapdı. Təbii ki, Azərbaycanın böyük etimada nail olmasında yürütdüyü siyasət mühüm rol oynayır. Hər bir ölkənin tərəqqisində iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın bu sahədə təcrübəsi təqdir edilir. Reallıq budur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirməmişdir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi davamlı uğurlarında öz sözünü deyir. Neft gəlirlərinin düzgün istiqmətləndirilməsi həm ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayan sosial-iqtisadi layihələrin reallığa çevrilməsində, həm də dövlət büdcəmizə böyük məbləğdə vəsaitlərin toplanmasına geniş imkanlar yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan böyük investisiyalar məkanıdır. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır.     

Cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın investisiya cəbediciliyindən geniş bəhs etdi. Bildirildi ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub. Bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: “Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.”

Bu hədəf də açıqlandı ki, növbəti illərdə  hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə belə bir potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından çalışırıq.

Azərbaycanın iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq. Bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır.

Əsas hədəflərdən biri də budur ki, növbəti illərdə milli enerji şəbəkəsinin  gücləndirilməsini təmin etmək üçün dövlət proqramı icra ediləcək.  Bu, çox vacibdir. “Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, əlbəttə, milli enerji şəbəkəsini gücləndirməliyik. Hər şeyi vaxtında edəcəyik. Artıq maliyyə resursları ayrılıb ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər. Dövlət başçısı İlham Əliyev Azərbaycana etibar edən, bərpa olunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və ölkəmizin yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını bildirdi. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.

Azərbaycan hər zaman investisiya cəlbediciliyini qoruyur. Oktyabrın 26-da imzalanan üç investisiya sazişi də bunun  göstəricisidir. Günümüzün əsas hədəfi olan bərpa olunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi məqsədilə atılan addımlar uğurlu nəticələrini verir.