YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük yolun başlanğıcı

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

 Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq” söyləyərək Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etdi. Cənab İlham Əliyev qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətinin olmasını tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi.

Hər bir uğurlu nəticə keçilən yolun təhlilini bir zərurətə çevirir. 29 il bundan öncə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə xarakterizə etmişdir ki, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Həmçinin Azərbaycan ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.

Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində Azərbaycanın investisiya cəbediciliyini xüsusi qeyd edən ölkə Prezidenti diqqəti sosial-iqtisadi göstəricilərə yönəltdi. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda  iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, növbəti illərdə  hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə birgə səylər göstəririk.

Ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 ildə ümumi daxili məhsul dörd dəfədən çox artıb. Birbaşa xarici borcu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq. Bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır.

Keçirilən hər bir tədbir dünənimizə baxış əsasında hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Hər dövrün öz tələbi, çağırışı vardır. Günümüzün əsas hədəfi bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmizin bu sahədə də böyük potensiala malik olması təqdir edilir və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində öz sözünü deyir. “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək” söyləyən cənab İlham Əliyev belə bir çağırışı da diqqətə çatdırdı ki, Qaradağ Günəş Elektrik Stansiyasının açılışı gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.