YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xankəndidə keçirilən hərbi parad milli qürurumuz, Ermənistana və havadarlarına ciddi mesajdır

Xankəndi paradı bir daha sübut etdi ki, heç kim bizimlə təhdid, diktə dilində danışa bilməz!

Qalib Azərbaycanda Zəfər dolu günlər biri-birini əvəz edir. Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət  Bayrağını ucaldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində dünyaya səs salan daha bir möhtəşəm tədbirdə-Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak etdi.  Bütün bu biri-birindən möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut edir ki, dövlətinin, xalqının gələcəyini düşünən cənab İlham Əliyev əvəzolunmaz Lider və tarixi şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında görünməsini, beynəlxalq arenada rolunun, dəyərinin yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyur. Bu, atrıq təsdiqini  tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev  sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir.

Dövlət başçısı hərbi paraddakı çıxışında  “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” fikirləri ilə  ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini açıqladı. Əgər bu gün artıq tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycanın üçrəngli  Bayrağının qürurla dalğalanmasından bəhs ediriksə, unutmamalıyıq bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan rəşadətli ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan birdəfəlik qovdu.  Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Əfsanəvi Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti heç zaman unudulmayacaq qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan əsgər və zabiti misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, üç il bundan öncə bəzi dünya güclərinin havadarlıq etdiyi yağı və hiyləgər düşmən üzərində qazanılan böyük Qələbə çoxəsrlik tariximizə yeni-yeni Zəfər səhifələrinin yazılmasını şərtləndirdi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, irəli baxmalıyıq. Təbii ki, bu çağırış bütün sahələri əhatə edir. Əgər Azərbaycan 1993-2020-ci illərdə işğal altında olan torpaqlarının azad edilməsini qarşısına əsas hədəf kimi qoymuşdusa, son üç ilin reallıqları dövrün çağırışlarına uyğun olaraq yeni vəzifələrin yerinə yetirildiyini nümayiş etdirir. Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə dünyanın diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi,  Ermənistanda revanşist qüvvələrin  baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin  onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik.  Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin  nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün  şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan  silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin bir günlük lokal xarakterli antiterror tədbirlərini həyata  keçirməsinə səbəb oldu. Sonsuz xoşbəxtlikdir ki, artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq. Noyabrın 8-də Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsinin xoşbəxtliyi hər bir azərbaycanlının dilində yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna ifadə edilən minnətdarlıq hissində özünün aydın ifadəsini tapır.

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin hərbi paraddakı çıxışında səsləndirdiyi “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır” fikirlərinə yönəldərək bildirib ki, dövlətimizin hər bir addımının arxasında Azərbaycanın bugününə və gələcəyinə xidmət edən  məqsəd dayanır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olmaqla yanaşı, həm də bu sənədə uyğun olaraq Kəlbəcərin, Ağdamın və Laçının  bir güllə belə  atılmadan geri qaytarılmasını şərtləndirdi. Təbii ki, Azərbaycan Ordusu o zaman bütün ərazilərimizi azad etmək üçün kifayət qədər böyük gücə, potensiala malik idi. 44 gündə 30 ilin işğalına son qoyulması bunun bariz nümunəsidir. Hər gün irəli gedən, döyüş ruhu, torpaq, Vətən sevgisi ilə dünyanı heyran edən Azərbaycan əsgəri və zabiti üzərinə düşən missiyanı sonadək şərəflə yerinə yetimək iqtidarında idi. Lakin unutmamalıyıq ki, o zaman müharibənin davam etdirilməsi  böyük insan itkisi, şəhidlərimizin sayının daha da artması ilə nəticələnərdi. Bu məqamı  dövlət başçısı İlham Əliyev də xüsusi qeyd etmişdir ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.

Vüqar Rəhimzadə dövlət başçısının çıxışlarında yer alan məqamlardan birinə-Azərbaycanın müstəqil siyasətinə də diqqəti yönəldib. Bildirib ki, dövlətimizin xarici siyasətinin əsas prinsiplərindən biri heç bir ölkənin daxili işinə müdaxilə etməmək və eyni zamanda öz daxili işinə müdaxiləyə imkan verməməkdir. Bu fikrin doğruluğuna əmin olmaq üçün 30 il davam edən  işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə Azərbaycana göstərilən təzyiqlər fonunda  dövlətimizin atdığı addımlara  diqqət yetirmək kifayətdir. Həmin dövrdə müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Amma qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün və təzyiqlərə mərdliklə sinə gərdi,  müharibənin hansı şərtlər daxilində dayandırıla biləcəyini bəyan etdi. Azərbaycan Ordusu sona qədər  döyüşləri davam etdirdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.  Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövründə də bütün çıxışlarının  mahiyyətində Ermənistana və havadarlarına ciddi mesajları ilə diqqətdə olur. Prezident İlham Əliyev Xankəndidən Ermənistana və onun havadarlarına növbəti mesajını ünvanladı: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik.”

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, hər günümüzün tariximizə uğur, zəfər səhifəsi kimi yazılması, verilən vədlərin reallıqda öz əksini tapması gələcəyə doğru daha böyük inamla addımlamağa stimul verir. Qarabağlı və Şərqi Zəngəzurlu bütöv Azərbaycanın qarşısında daha geniş üfiqlər açılır.