YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması əsasdır. 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkəmiz ötən müddətdə qurumda təmsil olunan dövlələrlə əlaqələrini genişləndirmiş, fəallığını artırmışdır. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. Düzgün qurulan siyasət daim ölkəni uğurlara aparır. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü uğurlarımızda öz sözünü deyir.  Belə ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihənin gündəmə gətirilməsinə yol açır. Son 20 ildə Prezident İlham Əliyevin təkmil islahatları, yeniliyi özündə əks etdirən siyasəti nəticəsində neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi əlaqələrimizin daha da möhkəmləndirilməsində stimulverici amildir. Milli iqtisadiyyatımızın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafın, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkəmizlə qarşılıqlı etimada və hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan liderliyini qoruyur. Belə ki, iqtisadi inkişafı, investisiya cəlbediciliyi ilə diqqətdə olan Azərbaycan dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya edən ölkələr arasında da fərqlənir. Ölkəmiz etibarlı tərəfdaş kimi dünyanın enerji və nəqliyyat xəritələrinin yenilənməsinə önəmli töhfələr verir.

Dövlət başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti Azərbaycanın iqtisadi uğurlarına və hədəflərə yönəltdi. Qeyd edildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.

Azərbaycanın investisiya cəlbediciliyini qoruması rəqəmlər əsasında diqqətə çatdırıldı. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.

“Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir.  Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Ölkəmiz yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Göründüyü kimi, torpaqlarımızın işğaldan azad edilməsi əlaqələrimizin gələcək inkişafına geniş imkanlar açır. Bu ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayacaq. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.