YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əməkdaşlıqda maraqlıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi.  Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi.

Qeyd edək ki, Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına  üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən biridir.  Ulu Öndər Heydər Əliyev ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə  İqtisadi Əməkdaşlıq Təşkilatına  üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdü.  Əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürüldü və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin Nizamnaməsi imzalandı. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. ECO-nun 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirildi. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün “ECO-nun turizm paytaxtı” elan edildi.

İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edən dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadi imkanları  barədə geniş məlumat verdi.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə edərək iqtisadiyyatını inkişaf etdirməsi Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Reallığa çevrilən enerji və nəqliyyat layihələri ölkələr və xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.

Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.

Cənab İlham Əliyev bu hədəfi də açıqladı ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, iqtisadi əlaqələrimizin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün geniş imkanlar yaranır. Azərbaycan daim əməkdaşlıqda maraqlıdır. Səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda əlaqələrin daha da möhkəmləndirilməsi əsas hədəf kimi qarşıda dayanır.