YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsasdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanla açır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz önündədir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi diqqətdədir. Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Daim bu məqam xüsusi diqqət çəkir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycanın uğurlarına, təqdim etdiyi təkmil inkişaf modelinə xüsusi diqqət göstərilir. ECO-nun Zirvə toplantısı da bu baxımdan diqqətdə oldu.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.

ECO-nun Baş katibi Xusrav Noziri Türkmənistan, Tacikistan və Türkiyə, eləcə də Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlərin xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirdi. Energetikanın ECO üçün çox vacib sahə olduğunu qeyd edən Baş katib bu istiqamətdə Xartiyanın imzalanmasının əhəmiyyətini vurğuladı. Turizm sahəsində əməkdaşlığa da diqqət çəkən Xusrav Noziri bildirdi ki, həmçinin turizm potensialının inkişafına diqqət yetirilir. “Turizm paytaxtları” konsepsiyası çox mühüm təşəbbüsdür. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib. Çox zəngin mədəni irs və təbiətimizin gözəllikləri ideyalarının təbliği məqsədilə turizm sahəsinin seçilməsi müntəzəm yanaşma olacaq.

Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq. Zirvə toplantısında dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarından, hazırkı dövrün əsas çağırışı olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasından bəhs etdi. Bildirdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririlir. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan  sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Zirvə toplantısında Azərbaycanın bölgədə sabitliyin təminatı üçün göstərdiyi fədakarlıq da yüksək qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir” fikirləri ilə  təsdiqlədi.

Əməkdaşlığın inkişafında bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsasdır. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı ki, bunlar da öz növbəsində sülhün, təhlükəsizliyin möhkəmləndirilməsini əsas tələb kimi qarşıya qoyur.