YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münbit sərmayə iqliminin nəticəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında çıxışında ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında logistik əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfələrdən geniş bəhs etdi. Azərbaycanın böyük investisiya məkanına çevrildiyi rəqəmlər əsasında diqqətə çatdırıldı və gələcəklə bağlı hədəflər açıqlandı. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür ki, bu göstəriciyə ölkəmizdə yaranan münbit sərmayə iqliminin nəticəsində nail olunmuşdur.

Qeyd edək ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Bunu şərtləndirən amil ölkəmizdə yaradılan sabitlik və normal biznes mühitidir. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici iş adamlarının tərəddüdlərinə diqqət yetirək. O zaman ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, xarici investorların yatıracaqları vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır.  Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı bu sahəyə yönələn investisiyaların həcmində də özünün aydın ifadəsini tapır.  Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da ifadə edilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün  müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Belə ki, Azərbaycanın tarixi sahibinə qovuşan torpaqlarının malik olduqları potensialdan səmərəli istifadə etməklə hədəflərə zamanında nail olmağa töhfələr veriləcək.

Dünya ölkələrinin maraq göstərdiyi və Azərbaycanın təşəbbüsü olan “yaşıl enerji” potensialı bir çox beynəlxalq təşkilatlar kimi ECO-nun da diqqət mərkəzindədir. Zirvə toplantısında Azərbaycanın enerji resuslarından bəhs edən Prezident İlham Əliyev bildirdi ki, neft və qaz ehtiyatları ilə zəngin olan, bərpa olunan enerji sektorunun inkişafına diqqəti artıran Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisi ixracatçısına çeviriləcək. “Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.”

Cənab İlham Əliyev onu da vurğuladı ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.

Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki,  Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.

Qısa təhlil bu qənaətə əsas verir ki, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi gələcək barədə aydın təsəvvür yaradır.