YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan nüfuzun real mənzərəsi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi tanınır. Ölkəmizin regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır və dəstəklənir.

Bir sıra beynəlxalq təşkilatlara uğurla sədrlik edən, qlobal problemlərin həllinə öz töhfəsini verən Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) hər zaman fəaliyyətinə böyük önəm verib. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Qrumun üzv dövləti olaraq Azərbaycanın bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə verdiyi təklif və təşəbbüslər, qəbul olunmuş sənədlər üzv ölkələrin sosial-iqtisadi, siyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin prioritetlərini, istiqamətlərini özündə əks etdirib.

Prezident İlham Əliyev noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.

Bu da, ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rolun, Prezident cənab İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətin, regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzunun real mənzərəsidir.

Qürurverici haldır ki Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaradan Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.

Cənubi Qafqazın lider dövləti kimi çıxış edən ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyəti Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi müddətdə diqqət mərkəzində olub. Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində tədbirlər, ekologiya sahəsində yüksək səviyyəli dialoq platforması, ilk dəfə turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə tur-operatorlar şəbəkəsinin formalaşması, Təhlükəsiz Turizmin İnkişafı Proqramının təsdiq edilməsi Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi böyük töhfələrdən xəbər verir.

Ölkə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.