YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti ilə Quanq Nin Vilayəti Xalq Komitəsinin sədri arasında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində noyabrın 22-də Quanq Nin Vilayəti Xalq Komitəsinin sədri Kao Tuonq Huy ilə görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Kao Tuonq Huy əvvəlcə Quanq Nin vilayəti haqqında ətraflı məlumat verib. O, Vyetnam ilə Azərbaycan arasında əməkdaşlığın hər iki ölkənin milli maraqlarına xidmət etdiyini, fəal siyasi dialoqun bütün sahələrdə əlaqələrin inkişafı üçün etibarlı zəmin yaratdığını qeyd edib.

Vyetnamın ölkəmizlə münasibətlərin inkişafına, çoxşaxəli işbirliyinə önəm verdiyini diqqətə çatdıran Kao Tuonq Huy Azərbaycanın inkişaf modelinin böyük maraq doğurduğunu söyləyib. O, iki ölkənin regionları arasında da səmərəli işbirliyinin formalaşdırılmasının vacib və perspektivli olduğunu deyib.

Kao Tuonq Huy Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası (VKP) arasında əlaqələrin genişləndirilməsinin ölkələrimizin mənafelərinə cavab verdiyini bildirib. Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfəri çərçivəsində YAP ilə VKP arasında Əməkdaşlıq Sazişinin imzalanmasının əhəmiyyətindən bəhs edən Kao Tuonq Huy partiyalar arasında sıx əməkdaşlığın Azərbaycan-Vyetnam münasibətlərinə dinamizm gətirəcəyinə inamını ifadə edib.

Qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost ölkələr olduğunu söyləyib. YAP Sədrinin müavini bildirib ki, iki ölkə arasında bir çox sahədə səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb və işbirliyinin genişləndirilməsi üçün real imkanlar mövcuddur.

Azərbaycanın regionlarının dinamik inkişafa və geniş potensiala malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Bu gün yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Vyetnam münasibətlərində partiyalararası əlaqələrin mühüm rol oynadığını diqqətə çatdıran Tahir Budaqov qarşılıqlı səfərlərin həm təcrübə mübadiləsi, həm də sistemli əməkdaşlıq üçün önəmli olduğunu vurğulayıb. O, YAP ilə VKP arasında Əməkdaşlıq Protokolu imzalanması ilə ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasının qoyulduğunu, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində əlaqələrin dinamik inkişaf edəcəyini bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.