YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Ulu Öndərin müdrik siyasəti - uğurlu inkişafa aparan tarixi yol”

Salyan rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Salyan rayon təşkilatı noyabrın 30-da “Ulu Öndərin müdrik siyasəti - uğurlu inkişafa aparan tarixi yol” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara və Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub. Yeni Azərbaycan Partiyasının keçdiyi 31 illik şərəfli yolda ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalov qeyd edib ki, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində bütün dünyanı heyrətə salan böyük Zəfər çaldı. Ölkənin ərazi bütövlüyü, dövlətimizin suverenliyi tam bərpa olundu.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Qeyd edib ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusi vurğulanıb.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Heydər Əliyev erası Azərbaycanda müstəqillik, quruculuq, inkişaf, sabitlik, tərəqqi dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarla bağlıdır.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində fəaliyyəti barədə çıxış edib. O, Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiymətdən söz açıb. Vurğulanıb ki, bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Ulu Öndər Heydər Əliyevin ideyalarının nəticəsidir.

Ərazi partiya təşkilatının sədr müavini, partiya fəalı Emin Ağayev və şəhər 2 saylı tam orta məktəbin müəllimi Aynur Hüseynova çıxışlarında bildiriblər ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.

Sonra tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.