YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan milli maraqları qoruyaraq, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdür və dünya dövlətlərinin sülh şəraitində yaşamasının tərəfdarıdır. Müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma kimi fəaliyyət göstərən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi qəbuledilməz haldır. Ofisi Fransanın Strasburq şəhərində yerləşən qrumun Azərbaycana qarşı son təxribatı bu təşkilatın iç üzünü, islamofob mahiyyətini bir daha üzə çıxardı, ölkəmizə qarşı qərəzli mövqenin və ikili standartların daha bir nümunəsi oldu.

Haqlı olaraq yanvarın 24-də Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bəyanatla çıxış etdi və qurumda mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda əməkdaşlığı, təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

2001-ci ildən Avropa Şurasına üzv olan Azərbaycan illərlə ədalətin, ərazi bütövlüyünün və suverenliyinin bərpa ediləcəyində, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında bu təşkilatın roluna ümid bəsləyirdi. Təssüf ki, Avropa Şurası Parlament Assambleyası isə haqqın, ədalətin tərəfində olmaq əvəzinə Azərbaycanı ittiham etməklə, regionda sülhün hökm sürməsinə mane olmaqla məşğuldur.

Avropa Şurası Parlament Assambleyası Xocalı kimi dəhşətli qətliamlar, etnik təmizləmə siyasəti törədən, dinc şəhər və kəndlərimizi atəş altında saxlayan Ermənistanın məkrli siyasətinə, barbarlığına, vəhşiliyə illərlə səsini çıxarmadı. Lakin ötən ilin sentyabrında Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ölkəmizə qarşı ədalətsiz yanaşma özünü göstərməyə başladı. Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının açılışı günü Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin təklifi ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi heç bir hüquqi əsasa söykənmirdi. "Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılması" kimi absurd iddialar irəli sürən AŞPA erməni lobbisinin təsiri altında olduğunu təsdiq etdi.

Erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyən, işğalçılıq siyasəti yürüdən ermənilərə sevgini açıq-aşkar nümayiş etdirən AŞPA bu dəfə gecikdi. Azərbaycan nümayəndə heyəti qərarını elan etdi və AŞPA-da fəaliyyətini dayandırdı. Nəzərə alsaq ki, dünyanın 200-ə yaxın müstəqil dövlətindən yalnız 46-sı AŞPA-nın üzvüdür. Tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaradan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında təmsil olunmamaqla hüç nə itirmir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qeyd etdiyi kimi, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA, əslində, bütün bu dəyərlərdən çox uzaqdır.