YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dünya ikili standartlara əsaslanan siyasətini davam etdirir. Bu siyasətin yaratdığı problemlərlə daim üz-üzə qalan  Azərbaycan ən yüksək tribunalardan sərt mövqeyini açıqlayır. Reallıq budur ki, nə zamanadək ikili yanaşmaya son qoyulmayıb əksər dünya güclərindən, onların əlində oyuncağa çevrilən beynəlxalq təşkilatlardan ədalətli addımlar gözləmək qeyri-mümkündür. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi bunun bir daha sübutu oldu. Bu qərar öncədən planlaşdırılmış addımdır. Məlumdur ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi. Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla növbəti riyakarlığını nümayiş etdirdi. Onu da qeyd edək ki, qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır.

Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərarı ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən əksər dünya güclərinə və onların təzyiq vasitəsi kimi istifadə etdikləri Avropa Şurası kimi qurumlara ciddi mesajdır. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Baxmayaraq ki, dünya güclərinin iştirakı ilə hazırlanan və qəbul edilən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb işğalçının adı ilə çağrılması 30 il problemə çevrildi. Guya belə bir addım atılarsa, münaqişənin həllinə mane olardı. Bu da ikili standartlara əsaslanan siyasətin tərkib hissəsi idi. İşğalçı adı ilə çağrılmırdı, amma münaqişənin sülh danışıqları əsasında ədalətli həllinə böyük inam yaratmağa çalışırdılar. Ermənistana havadarlıq edən bəzi dünya gücləri bu yanaşmaları ilə ona yeni ərazilər uğrunda müharibə planı hazırlamasına vaxt qazanmaqda dəstək oldular.

Bu gün Azərbaycanın öz ərazilərini işğaldan azad, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, regionda yeni reallıqlar, dünya siyasətində yeniliklər yaratması, bir sözlə, söz sahibliyini möhkəmləndirməsi bəzi Qərb dövlətlərini və beynəlxalq təşkilatları ciddi narahat edirdi. Uğurlarımızın davamlılığı, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsi bu dairələr tərəfindən böyük qısqanclıqla qarşılanır.  Bu mühüm məqamı da nəzərə alaq ki, ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Bu kimi ədalətə sığmayan, demokratik prinsiplərə zidd qərarlar Azərbaycanın imicinə zərbə vurmaq imkanında deyil. Ən əsası Azərbaycan müstəqil dövlətdir. Heç bir qüvvə siyasi iradəmizə təsir edə bilməz. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin məlum bəyanatı özündə bütün məqamları ehtiva edir. Reallıq budur ki, AŞPA Fransanın və Almaniyanın əlində oyuncağa çevrilib. Fransanın tarixi Zəfərimizdən bu günədək səngiməyən qarayaxma kampaniyaları göz qabağındadır. AŞPA-nın qərarı da bu təbliğatın davamıdır. Müasir müstəqil, qalib ölkə, hər zaman ədalətin, haqqın, beynəlxalq hüququn yanında olan, demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycanla əməkdaşlıq hər bir ölkə, beynəlxalq təşkilat üçün qürurvericidir. İnkişaf modeli dünyaya nümunə olan Azərbaycan  atdığı hər bir addımında gələcəyini düşünür.

AŞPA kimi fəaliyyətlərini qərəz əsasında quran beynəlxalq təşkilatlar düşünürlər ki, belə qərarları ilə Azərbaycanı təzyiq altında saxlaya biləcəklər. AŞPA-nın hansı qərarlar qəbul etməsindən asılı olmayaraq Azərbaycan demokratik inkişaf yolunda inamla addımlayır. 7 fevral tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri demokratik inkişaf tariximizə növbəti uğur səhifəsini yazacaq. Ölkəmiz demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqdir. Azərbaycanın Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur.