YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA məlum qərarı ilə özünə olan inamı tamamilə heçə endirdi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qalib ölkə olaraq dünyanın diqqətindədir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan 30 illik işğal dövründə bu amalla yaşadı ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Ölkəmiz bu illər ərzində hər bir sahədə uğurlu inkişafı, zəngin təcrübəsi ilə diqqətdə oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu Azərbaycanı ərazi bütövlüyünə qovuşdirdu.

Azərbaycanın digər sahələr kimi demokratik inkişaf sahəsində də təcrübəsi təqdir edilir. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın  formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin  demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi  üçün zəruri addımların atılması və sair kimi istiqamətlərdə görülən işlər öz müsbət nəticəsini verir. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf sahəsində qazandığı uğurların nəticəsi idi. Amma bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin bu quruma üzv qəbul olunmasına gedən yol heç də hamar olmamışdır. Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını istəməyən xarici dairələr nə qədər cəhdlər etdilər. Lakin Ümummilli Liderin uğurlu siyasəti nəticəsində bütün bu cəhdlər dəf olundu, Azərbaycan quruma tamhüquqlu üzv qəbul edildi.

Keçilən yolu təhlil etməkdə məqsədimiz AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasının  ölkəmizdə insan hüquqlarının qorunması ilə heç bir bağlılığının olmadığını bir daha diqqətə çatdırmaqdır. Ümumilikdə insan amili dövlət siyasətimizin əsasını təşkil edir. AŞPA məlum qərarı ilə özünə olan inamı tamamilə heçə endirdi. Tarixi Zəfərimizdən sonra bu qurumun daha da bəzi güclərin əlində təzyiq vasitəsinə çevrilməsi birmənalı qarşılana bilməz. Hər bir beynəlxalq qurum məqsəd və məramına doğru ədalət və beynəlxalq hüquq çərçivəsində addımlasa münasibətlərdə ən vacib faktor olan etimad mühitinin qorunmasına dəstək göstərilər.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasında göstərilən səbəblərin sırasında ilk olaraq ölkədə insan haqlarının pozulması  göstərilsə də  həqiqətdə  avropalıları narahat edən Ermənistanın terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA açıq-aşkar regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını nümayiş etdirir. Amma sual olunur: Regionda sülhün təmin olunması Avropa Şurasını niyə narahat edir? İnsan hüquqlarının qorunması sahəsində “həyacan təbili” çalan bu qurum niyə insanların sülh, təhlükəsiz şəraitdə yaşayışını istəmir? Güc dövlətlərinin əlində oyuncağa çevrilmək Avropa Şurasına heç zaman dividend gətirməz. Bu gün açıq-aydın görünür ki, Fransa və Almaniya AŞPA-nı əllərində bir oyuncağa çeviriblər.

Bu fikir Avropa Şurasına üzv dövlətlərin təmsilçiləri tərəfindən də etiraf edilir ki, Azərbaycanın tarixi Zəfərindən sonra qurumun Azərbaycana qarşı mövqeyində  böyük dəyişiklik baş verdi. Qısqanclıq, tarixi Zəfəri həzm etməmək Avropa Şurasının qəbul etdiyi qətnamələrdə, qərarlarda özünün aydın ifadəsini tapır.

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla Ermənistana dəstəyini nümayiş etdirdi.  Vaxtilə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul edən Avropa Şurasının tarixi Zəfərimizi  belə narahatlıqla qarşılaması, hətta, nümayəndə heyətimizin səlahiyyətlərini məhdudlaşdırması siyasi riyakarlığının təzahürüdür. Qurum niyə təcavükar, terroru dəstəkləyən, beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozan, demokratik dəyərlərə hörmətsizlik edən Ermənistanın səsvermə hüququnu məhdudlaşdırmır? İşğalçı Ermənistan qurum qarşısındakı öhdəliklərinin heç birini yerinə yetirməyib. Bu ölkədə demokratik inkişafdan danışmaq mümkün deyil. Bu fikri hər zaman böyük əminliklə qeyd edirik ki, əksər dünya güclərinin və beynəlxalq təşkilatların Ermənistana qayğısı ona olan istəkdən qaynaqlanmır. Burada həmin güclərin, təşkilatların öz maraqları var və Ermənistan onları yerinə yetirmək üçün bir vasitəçiyə çevrilib.

Bütün hallarda dünya ikili siyasəti ilə böyük təhlükələrə, faciələrə səbəb olur. İkili siyasətə son qoyulması bütün dövrlərin əsas çağırışlarındandır. Bu halda regionda və dünya siyasətində əhəmiyyətli yeniliklər baş verər ki, bu da öz növbəsində dayanıqlı sülhə, təhlükəsizliyə böyük töhfə olar. AŞPA-nın nə qərarı, nə də özü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.