YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa siyasətində dini ayrı-seçkiliyin ən parlaq təzahürü

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.” Bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında qeyd edilir. Belə bir bəyanatın səsləndirilməsinə səbəb   qurumun Azərbaycan nümayəndə heyətinin səs hüququnun məhdudlaşdırılması ilə bağlı təşəbbüsü oldu. Bu təşəbbüsün müəllifi isə almaniyalı deputat, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe olmuşdur.  Reallıq budur ki, bu təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu fakt da inkaredilməzdir ki, bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

Avropa Şurası məlum qərarın qəbulunu öz maraqlarına uyğun şəkildə əsaslandırmağa çalışsa da hər kəsə çox yaxşı bəllidir ki, Azərbaycanın tarixi Zəfəri,  suverenliyinin təmin olunması, hazırda qalib ölkə olaraq reallıqları diktə edən tərəf kimi çıxış etməsi  ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrdə siyasi qısqanclıq hissini daha da dərinləşdirdi. Bu sırada Avropa Şurasının xüsusi yer alması heç də təəccüb doğurmadı. Qurum mütəmadi olaraq ölkəmizə qarşı qərəzdən yaranan addımları, qərar və qətnamələri ilə diqqətdə olub. Gah ölkəmizdə demokratik inkişafa kölgə salacaq bəyanatlar səsləndirir, gah da Ermənistanın Azərbaycana təcavüzünü pislədiyi halda mövqeyində dəyişiklik edərək işğalçı dövləti müdafiə xarakterli  qətnamələrlə, qərarlarla gündəmdə olur.

Azərbaycanın demokratik inkişafı göz qabağındadır. Ölkəmizin bu sahədə əldə etdiyi təcrübə beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycanın iqtisadi və siyasi islahatların vəhdətini qoruması uğurlarının davamlılığında əhəmiyyətli rola malikdir. Böyük inamla qeyd edirik ki, hər bir ölkə Azərbaycanla əməkdaşlıq əlaqələrini qurarkən ilk növbədə ölkəmizdə ictimai-siyasi duruma diqqət yetirir. Azərbaycan daim birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanması investisiya cəlbedicilini qorumasında öz sözünü deyir. Bu qısa təhlil Avropa Şurasının ölkəmizdə demokratik inkişafla bağlı fikirlərinin nə qədər qərəz, bu qurumdan  öz maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə edən  dövlətin Azərbaycanın uğurlarını həzm edə bilməməsinə geniş işıq salır.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən  düşünürdük ki, qurum hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllinə dəstək olacaq. Amma hadisələrin təhlilindən də göründüyü kimi, uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ermənistanın demokratik prinsiplərə hörmətsizliyi AŞPA-nın sessiyalarında daim müzakirəyə çıxarılan məsələlərdən olub. Lakin qurum bütün bunları görməzdən gələrək Ermənistanın başına sığal çəkməklə demokratik dəyərləri öz maraqlarına qurban verməsi ilə diqqətdə olub. Eyni yanaşma işğalçı dövlətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hörmətsizliyinə münasibətdə  də özünü  göstərdi. Məhz bu qətnamələrin, demokratik prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin dərinləşməsinə, böyük təhlükələrə səbəb oldu.

Azərbaycan hər zaman demokratik təsisatların inkişafına xüsusi diqqət göstərir. Bu da ölkəmizin yeniliklərə, təkmilləşməyə önəm verməsindən irəli gəlir. Ölkəmiz daim ən yüksək tribunalardan bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasından bəhs etdi. AŞPA bir dəfə də olsun bu məsələyə münasibət bildirmədi. Təəccüblü budur ki, hazırda AŞPA Qarabağda qalıb Azərbaycan qanunları əsasında yaşamağa dəvət olunan ermənilərin öz seçimləri ilə rahat şəkildə, heç bir güc tətbiq olunmadan köçüb getməsini insan haqlarının pozulması kimi dəyərləndirir. Bu, Avropa siyasətində irqi, dini ayrı-seçkiliyin ən parlaq təzahürüdür.

AŞPA açıq-aşkar Azərbaycanın tarixi Zəfərini həzm edə bilmədiyini təsdiqləyir. Bunu Azərbaycana qarşı qərəzli addımları ilə nümayiş etdirir. Təbii ki, aparılan qarayaxma kampaniyaları Azərbaycanın ədaləti və beynəlxalq hüququ özündə əks etdirən siyasətinə təsir etmək imkanında deyil.

DİGƏR Xəbərlər Arxiv