YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA- ermənipərəst qüvvələrin əlində alət olan təşkilat

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı total hücuma keçiblər. Bu “hücumlar” beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı riyakar mövqe tutan Avropa Parlamenti ilə yanaşı Avropa Şurası Parlament Assambleyası da özünün “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır. Qurumun qış sessiyasının ilk günündə ölkəmizlə bağlı verilən qərar bunu təsdiqləyir.

30 il ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, eksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siaysəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün    düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.

Məlumdur ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək təşkilatdakı mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bildirib. Təbii ki, bu qərarı zəruri edən amillər var və bu amillər əyani şəkildə ortadadır. AŞPA-nın sərgilədiyi qeyri-demokratik mövqe, konkretləşdirsək, ermənipərəst mövqe birmənalı qarşılana bilməz. Bu gün fərqli “bəhanələrlə” Azərbaycanı hədəfə almağa çalışanların kimliyi, məqsədi və “səbəbləri” bəllidir. Fransa - Almaniya tandeminin əlbir olaraq Avropa kontingentinin ümumən imicini zərbə altında qoymasının altında əsassız qərəz dayanır.

Qeyd edilməsi vacib olan əsas məqamlardan biri də AŞPA-nın “bəhanələridir”. Bu gün seçki prosesini əldə “bayraq” edən AŞPA, daha doğrusu Fransa əslində Azərbaycandan məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır. 19-20 sentyabr antiterror tədbirlərinin ardından, ötən ilin oktyabrında Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Qarabağdakı tədbirlərini pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul editmişdi. AŞPA-nın ikili standarta söykənən, qərəzli və yalan “qətnaməsi” isə Fransanın anti-Azərbaycan “həmlələrinin” növbətisinə çevrildi. Halbuki,  Azərbaycan 24 saatlıq lokal antiterror tədbirləri həyata keçirdiyi zaman beynəlxalq hüququn heç bir şərtini pozmamışdı.

Göründüyü kimi, Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən AŞPA Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlarını işğaldan azad, ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edirlər. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin ayaq altına alındığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir.

AŞPA-nın bu kimi addımlarının gerçək səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Prezidentimiz İlham Əliyev müstəqil və milli maraqlarımızı təmin edən siyasət həyata keçirir. Məhz bu siyasət nəticəsində biz tarixi zəfərə nail olmuşuq. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan bundan sonra daha güclənəcək, müəyyən xarici dairələrin regiondakı məkrli planlanlarının qarşısını alacaq. Həmin dairələrin əlində alət olan AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyinin əsasında da bu amillər dayanır. Çünki Ermənistanın işğalçı siyasəti onların maraqlarına uyğun idi. Lakin işğalçı ölkənin məğlubiyyəti həmin planları iflasa uğratdı. Bu səbəbdən də ölkəmizə total hücumlar təşkil olunur. Lakin bütün bunlar Azərbaycanın haqq yolunda irəliləməsinin qarşısını ala bilməz!