YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncləri vətənpərvərliyi ilə dünyaya səs saldı

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən  fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Keçilən yol təhlil edilir, qarşıdakı dövrün vəzifələri müəyyənləşdirilir. Qürurvericidir ki, 2020-ci ildə tariximizin şanlı Zəfər səhifəsi yazıldıqdan sonra bütün bayramlarımızı tamamilə fərqli ovqatda, böyük qürur hissi ilə qeyd edirik. Artıq qalib ölkə, qalib xalq olaraq dünyanın diqqətindəyik.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu. 44 gündə Qələbəyə imza atmaq gənclərimizin vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan gəncləri vətənpərvərliyi ilə dünyaya səs saldı.

Gənclərimizə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin əsas tərkib hissəsi olub.    Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan Sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə doğruldur. Cənab  İlham Əliyevin  Sərəncamı ilə 2007-ci il ölkəmizdə  “Gənclər ili”, 2020-ci il isə “Könüllülər İli” elan edildi. Respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması da bu qayğının tərkib hissəsidir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə xeyir vermək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlər.     

Qeyd etdiyimiz kimi, 2020-ci ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilmişdi. Ölkə Prezidentinin bildirdiyi kimi, könüllülük hərəkatı məhz “ASAN xidmət”dən başlayıb.  Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir: “İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.”     

44 günlük İkinci Qarabağ müharibəsində minlərlə könüllü gəncin iştirakı, yazılan tarixdə onların da öz payının olması, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə könüllü gənclərin ahıl insanlara sosial xidmətin göstərilməsində fədakarlıqları hər birimizdə qürur hissi yaratdı.   Azərbaycan gəncliyi daim Prezidentimizin ətrafında sıx birləşib, gələcəyə böyük inamla addımlayır. Gənclərimiz dövrün, zamanın tələblərinə uyğun olaraq təkmil islahatların həyata keçirilməsində hərəkətverici qüvvədir.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı vurğulayır ki,  çünki sirr deyil  bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır. Onlar  öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir: «Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır.»  Ölkə Prezidenti İlham Əliyevin bu tezisləri Ulu Öndər Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" çağırışının davamı kimi dəyərləndirilir.

Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Milli ruhda tərbiyə alan Azərbaycan gəncləri həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. Gənclərimiz hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa hazırdır. Bu isə qalib Azərbaycanın yeni-yeni hədəflərə zamanında və yüksək səviyyədə nail olmasına böyük töhfədir.