YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qadınlarımız seçkidə fəal iştirak edəcəklər

Hicran Hüseynova

Milli Məclisin Komitə sədri, professor

Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiləscəkdir. Bu Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra keçirilən ilk seçkidir. 30 ilə yaxın erməni işğalında olan şəhər, qəsəbə və kəndlərimizdə uzun fasilədən sonra prezident seçkisi keçiriləcəkdir. Bu bir həqiqətdir ki, güclü və müdrik siyasi rəhbərlik olmasaydı, təsirli nəticələr əldə etmək mümkün olmazdı və bu xidmət cənab İlham Əliyevə məxsusdur. Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlər, tək xalqımızın deyil, dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq, beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda, dünyada gedən mürəkkəb və çətin geosiyasi proseslər fonunda ölkədə keçiriləcək prezident seçkiləri tarixi əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə seçkilərdə ölkənin bütün vətəndaşlarının səsvermədə iştirak etməsi vacibdir. Bu həm də dövlətimizin gələcəyi üçün çox vacibdir. Azad, müstəqil siyasət olmadan istər iqtisadiyyat, istər infrastruktur, istərsə də həyat keyfiyyəti sahəsində tərəqqiyə nail olmaq mümkün deyil. Xalqımız bu həqiqəti yaxşı dərk edir. Digər tərəfdən, bu gün hər bir vətəndaşımız yaxşı dərk edir ki, öz seçmək və seçilmək hüququndan istifadə etməklə o öz gələcəyinə, rifahına, dövlətinin inkişafına səs verəcəkdir. Ona görə də düşünürəm ki, bu seçkilərdə qanunla səs vermə hüquq olan hər bir seçici fəal olacaqdır. Xüsusilə də, qadınlarımız həmişə olduğu kimi, bu dəfə də seçkidə aktiv iştirak edəcəklər. Bu fikrin arxasında Azərbaycan qadını keçdiyi tarixi yol dayanır. Hələ 106 il bundan əvvəl, 1918 - ci ildə qadınlarımız müsəlman Şərqində və Türk dünyasında ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazanıblar. Lakin ilk dəfə 1917-ci ildə Azərbaycan qadını seçici kimi seçkilərdə aktiv iştirak etmişdir. Həmçinin, 1918- ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə seçilən Pərixanım Sofiyeva müsəlman və Şərq dünyasının ilk qadın millət vəkili kimi tarixə düşmüşdür. Dövrünün nüfuzlu şəxslərindən olan Pərixanım Sofiyevanın bu il anadan olmasının 130 ili tamam olacaqdır. Yəni, biz tarixə baxsaq, belə nümunələri çox göstərə bilərik. Zamanla bu fəallıq daha da artmışdır. Azərbaycan qadını hər bir dövrdə özünü ifadə etməyi bacarmışdır. Vətən Müharibəsi zamanı, eləcə də digər hərbi əməliyyatlar zamanı, hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu, bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, balasının, həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan məğrur analarımız, xanımlarımızla qürur duyuruq! Bu gün həmin xanımlar öz təhsilini davam edir, övladlarına arxa-dayaq olur, ictimai fəallıq göstərir, sosial həyatda aktiv iştirak edir. Mən inanıram ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xanımlarımız, ana və bacılarımız, qızlarımız sülhə, əmin-amanlığa, haqqa, ədalətə səs vermək üçün seçki məntəqələrinə gələcək. Bütövlükdə, ölkəmizin vətəndaşları parlaq gələcəyi təmin etmək üçün seçkilərdəki fəal rolunun nə qədər vacib olduğunu yaxşı anlayır və öz səslərini onları bu tərəqqiyə, bu inkişafa, bu rifaha apara biləcək ən yaxşı liderə verəcəklər.