YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər təntənəsi: xalq-Lider birliyinin möhtəşəm ifadəsi! - TƏHLİL / VİDEO

Fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev bir daha möhtəşəm qələbə qazandı. Yüksək fəallıq şəraitində baş tutan seçkilərdə seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə böyük inam və etimad göstərməsi qalib xalqın öz Müzəffər Liderinin ətrafında sıx birləşdiyini növbəti dəfə təsdiqlədi. Azərbaycan xalqı şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə isə minnətdarlıq ifadə etdi. 

Cənab İlham Əliyevin Zəfər seçkilərində inamlı qələbə qazanması Onun uğurlu siyasətinin nəticəsidir. Son 20 ilin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirib. Bütün sahələrdə bənzərsiz uğurlar qazanılıb. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan regional güc mərkəzinə - bölgənin lider dövlətinə çevrilib. Qazanılan uğurların zirvəsində isə, təbii ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunması, ölkənin suverenliyinin bərpası dayanır.

Xalqın seçimi – öz Liderinə növbəti dəfə inam və etimad göstərməsi sabitlik adası olan Azərbaycanın inkişafından, xalq-Lider birliyindən, milli həmrəylikdən narahat olaraq ölkəmizə qarşı neqativ ssenarilər həyata keçirmək istəyən qərəzli dairələrə də layiqli və tutarlı cavab oldu.

Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verməklə həm də məhz Onun Liderliyi ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.

Qarşıdakı əsas hədəflər sırasına regionda sülhün təmin olunması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və digər mühüm strateji prioritetlər daxildir.

Şübhə yoxdur ki, Zəfər seçkilərindən sonra - yeni mərhələdə qalib Azərbaycan xalqı Müzəffər Lideri İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə imza atacaq, yeni zirvələr fəth edəcəkdir!

Xalq-Lider birliyi sarsılmazdır!