YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycanı yeni dövrdə daha möhtəşəm uğurlar gözləyir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi Azərbaycanın dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır. Son 20 ilin uğurlarla, qələbələrlə zəngin illər olduğunu böyük sevinc hissi ilə qeyd edən cənab İlham Əliyev onlara gedən yolu da əsaslı şəkildə diqqətə çatdırdı. “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam” söyləyən dövlət başçısı onu da əlavə etdi ki, bütün vədlər yerinə yetirilib.  

Verilən vədlər arasında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanırdı. Azərbaycan bu illər ərzində hər bir sahədə davamlı uğurlara imza atdı, daha da gücləndi. Güclü Azərbaycan hər zaman əsas hədəfimiz oldu. Dövlət başçısı bu reallığı da əsaslı şəkildə diqqətə çatdırdı ki, əgər güclü Azərbaycan qurmasaydıq, kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq. Hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq.”

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi.  300-dən çox şəhər və kənd azad olundu. O cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır, qurub-yaradırıq.

Cənab İlham Əliyev andiçmə mərasimində bu mühüm məqamı xüsusi qeyd etdi ki,  İkinci Qarabağ müharibəsi olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl,  böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa  onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Əfsuslar olsun ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Azərbaycan isə döyüş meydanında göstərdi ki, nəyə qadirik. Döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik.

Tarixi Zəfərimiz növbəti qələbələrə yol açdı. Belə ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, hərbi təxribatlarını, mina terrorunu davam etdirməsi 2023-cü ilin 19 aprel tarixində Silahlı Qüvvələrimizin bir günlük lokal antiterror tədbirləri həyata keçirməsini qaçılmaz etdi. Belə ki, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı. Cənab İlham Əliyevin andiçmə mərasimində bu reallığı da qeyd etdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Dövlət başçısı belə bir çağırış etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Təbii ki, 20 ilin uğurlarını, qarşıdakı dövrün hədəflərini bir yazıda əhatə etmək mümkün deyil. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurları daim davamlılığı ilə diqqətdə olur. Qarşıdakı dövrdə tariximiz daha möhtəşəm uğurlarla zəngin olacaq. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Cari ildə Xocalıya və Xankəndiyə də qayıdış başlanacaq. Qalib Azərbaycanı yeni dövrdə daha möhtəşəm uğurlar gözləyir.