YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr uğurla başlayır və uğurla da davam edəcək

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

7 fevral prezident seçkiləri Azərbaycanın müasir tarixinə növbəti uğur səhifəsini yazdı. Zəfər seçkiləri bütün ölkə ərazisini əhatə etdi. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox oldu. Cənab İlham Əliyev xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi. Dövlət başçısının fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Cənab İlham Əliyev Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı xüsusi vurğuladı ki, biz özümüzü tam təmin edən ölkəyik. İkitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq: “Xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.”

Azərbaycan 3 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

30 il işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması,  beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda  müharibə planı hazırlaması sonda 44 günlük İkinci Qarabağ müharibəsinin  baş verməsinə səbəb oldu. Dövlət başçısı andiçmə mərasimində bu məsələyə də xüsusi diqqət yönəltdi.  “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğala son qoyulmalıdır. Ancaq  bütün çağırışlar cavabsız qaldı. Azərbaycan döyüş meydanında göstərdi ki, nəyə qadirdir. Rəşadətli Ordumuz 44 gündə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Elə gənc nəsil yetişib ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı.  Dünya bir daha gördü ki, ən güclü oldu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.

Ermənistan postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistanın atdığı addımlara diqqət yetirmək kifatyətdir. Hərbi təxribatlar son üç ildə diqqətdən kənarda qalmadı. Təəccüblü olan budur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salmaq kifayətdir.

Cənab İlham Əliyev andiçmə mərasimində “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir” söyləyərək onu da əlavə etdi ki, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, erməni silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.

Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqladı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır.