YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində böyük qürur hissi ilə “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik” söylədi. Bu fikirlər xalq-Prezident birliyinin sarsılmazlığı ilə yanaşı, bu həmrəyliyin Azərbaycanın hərtərəfli inkişafında başlıca amil olduğunu təsdiqləyir. 2003-cü ildə verdiyi hər bir vədi konkret əməli işi ilə təsdiqləyən, Azərbaycana möhtəşəm uğurlar qazandıran cənab İlham Əliyev xalqın inamını və etimadını qazandı. 20 ildə ölkəmizdə keçirilən prezident seçkilərində dövlət başçısının xalqın böyük səsini qazanması da bunun bariz nümunəsidir. Xalqımız 7 fevral prezident seçkilərində bir daha qalib Prezidenti ilə yeni dövrün yeni hədəflərinə doğru birgə addımlamaq istəyini səsi ilə təsdiqlədi.

Son 20 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqi keçilən yola bir baxış və onların fonunda hədəflərin təqdimatı oldu. Belə ki, cənab İlham Əliyev  “Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun” söylədi və qarşıda dayanan hədəfləri açıqladı.

Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Tarixi Zəfərimiz Azərbaycanın bu sahədə hansı imkanlara malik olduğunu təqdim etsə də postmünaqişə dövründə ordu quruculuğu prioritet məsələlər sırasındadır.  Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, hazırda Ordumuz 2020-ci ilin Ordusundan daha da güclüdür. Təbii ki, ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük lokal antiterror tədbirlərində bunun şahidi oldu.

“İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır. Silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək.”

O da məlimdur ki, dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir.  Müdafiə gücümüzün artırılması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası da prioritet məsələdir. Hazırda bu torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Cənab İlham Əliyev andiçmə mərasimində bu istiqamətdə görülən işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı fonunda diqqətə çatdırdı. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır.  Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq  və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bütün sosial infrastruktur inşa edilir.  Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Təkcə cari ilin yanvar ayının  sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir.  Belə ki, bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə  ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir.  2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu, iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir.

Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan hədəflərə doğru inamla addımlamağa əsas verir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu çağırışı da etdi ki,  Qarabağ və Şərqi Zəngəzur  iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.