YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və sədaqət andı

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Fevralın 14-də  Azərbaycan xalqı daha bir tarixi gün yaşadı. Bir həftə bundan əvvəl baş tutan prezident seçkilərinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən rəsmən təsdiq edildikdən sonra xalqın etimadını bir daha qazanaraq 92,05 faiz səs çoxluğu ilə dövlət başçısı seçilən cənab İlham Əliyev  Milli Məclisdə and içərək Preizdent vəzifəsinin icrasına başladı.

 İlk öncə qeyd edək ki, seçkilərin nəticələri  göstərdi ki, Azərbaycan xalqı öz Liderinə inanır və  etimad edir. Bunun da əsas səbəbi son 20 ildə məhz cənab İlham Əliyevin xalqa verdiyi vədi vicdanla və qüsursuz yerinə yetirməsidir. Əsrə bərabər 20 ilə yekun vurduqdan sonra xalq yeni bir dönəmin, yeni çağırışların da məhz onun tərəfindən idarə edilməsinə, firavan həyata, sabit və təhlükəsiz cəmiyyətdə inkişafa səs vermiş oldu.

Milli Məclisdə and içən cənab İlham Əliyev xalqın etimadını yüksək dəyərləndirərək bildirdi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.”

Qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub  ki, bu dövrdə ölkəmiz əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Bu yolun rəhbəri də məhz cənab Prezident İlham Əliyev oldu. 20 ilin ən möhtəşəm və yaddaqalan, daha doğrusu tariximizə qızıl hərflərlə yazılan hadisəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Ölkə başçısı söylədiyi nitqində bu  məsələyə toxunaraq qeyd etdi ki, “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.”

44 günlük müharibəni və antiterror əməliyyatının zəruriliyini qeyd edən ölkə başçısı bir daha vurğulamışdır ki, Azərbaycan xalqının səbrinin də müəyyən həddi var ki bu hədd sona çatmışdı. Ona görə də biz məcburiyyət qarşısında belə tədbirə əl atdıq və 30 il ərzində mifə çevrilmiş Ermənistan ordusunu darmadağın etdik.

İndi isə qarşımızda işğaldan azad olunmuş ərazilərin yenidən bərpa olunması, məcburi köçkünlərin yurd-yuvalarına qaytarılması,  dağıdılmış şəhər və kəndlərin müasir üslubda tikilməsi, abadlaşdırılması məsələləri durur. Cənab Prezident bunu öz nitqində belə səciyyələndirdi: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur.”

Qarabağın və Şərqi Zəngəzurun bərpasını önəmli vəzifə adlandıran ölkə başçısı bu xüsusda görülən işlərin bundan sonra da davam etdiriləcəyini, sərhədlərimizin, təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinin zəriuriliyini, ordumuzun yüksək döyüş hazırlığına malik olmasını qeyd edərək xalqla hakimiyyətin birliyi sayəsində bunun mümkün olacağını bildirmişdir.

Nitqinin sonunda isə cənab Preizdent Ermənistana və onun havadarlarına çox ciddi mesaj ünvanlayaraq Azərbaycan dövləti ilə hədə-qorxu dilində, zor dilində danışmağın mənasız olduğunu bildirdi və açıq mətnlə mesaj verərək onları öz işləri ilə məşğul olmağa çağırdı: “Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.”

Yeni dövrün başlandığını elan edən və bu yolda xalqımıza uğur diləyən cənab Prezidentə də hər birimiz çətin və şərəfli  mübarizədə qalibiyyət arzulayır və inanırıq ki, Azərbaycan xalqı onun rəhbərliyi ilə öz sözünü deyəcəkdir.