YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizdə yeni mərhələ

 “Xalqımız növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiq etdi. Sözsüz ki, Zəfər seçkilərinin qalibi Müzəffər Ali Baş Komandan İlham Əliyev olması, Onun tariximizdə olan yeri və rolu ilə bağlıdır. Bu bir reallıqdır son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran Lider məhz Prezident İlham Əliyev olmuşdur. Bütün müstəvilərdə cənab Prezidentin siyasətinə açıq dəstək ifadə edən Azərbaycan xalqı məhz 7 fevral prezident seçkilərində öz münasibətini ifadə etdi.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev  qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfər, keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökü kəsildi, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi: “7 fevralda baş tutan növbədənkənar prezident seçkiləri də məhz bu qələbələrin ardıcıllığı, xronologiyası, qalib xalqın istək və arzularının ifadəsi olaraq yekunlaşdı. Tarixi qələbə, konstitusiya quruluşunun bütün ölkə ərazisində tam təmin edilməsi ilə müasir, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlamış olur. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində çıxışında qarşıda dayanan vəzifələr və hədəflər haqqında konkret istiqamətləri bəyan etdi.  

Prezident İlham Əliyevin iyirmi illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amili dayanır. Dövlətimiz bu gün  regional və qlobal miqyasda söz sahibidir. Azərbaycan xalqının  birliyi və dövlət başçısına sonsuz inamı sayəsində bu tarixi nailiyyətləri əldə etmək mümkün olub. Vətən müharibəsində ərazi bütövlüyünü təmin etməklə Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq yaradıb. Azərbaycan həmçinin hazırda bölgədə sülhün təmin olunması istiqamətində vacib təşəbbüslərlə çıxış edir. Otuz ilə yaxın danışıqları uzadan, işğal faktını unutdurmağa çalışan Ermənistan ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə də dövlətimizin sülh müstəvisində olan təklifinə adekvat cavab vermir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq beş bəndlik sülh konsepsiyası təklif edib. Bu sülh konsepsiyası hər iki tərəfin bundan sonrakı dövrdə normal müstəvidə münasibətlərinin formalaşması üçün hüquqi baza rolunu oynaya bilər. Amma təəsüf ki, Ermənistan hər zaman olduğu kimi növbəti dəfə sülhdən yayınır. Havadarlarının təhriki ilə prosesi uzatmağa çalışan Ermənistan hansısa bir “vəziyyətin” yaranacağına ümid bəsləyir. Görünən odur ki, erməni tərəfi növbəti dəfə Fransa kimi ölkələrin təhriki ilə sülh prosesi ətrafında spekulyasiya ilə məşğuldur. Prezident İlham Əliyevin andiçmə mərasimində vurğulayıb ki, “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik””.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, qalib, güclü Azərbaycan dövləti və Onun dünya siyasi arenasında öz dəsti-xətti olan Lideri, Prezident İlham Əliyevin strategiyası qarşıda duran bütün hədəflərə nail olmağa imkan verəcək: “Prezident İlham Əliyevin də söylədiyi kimi “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” mesajı əslində bütün məkirli qüvvələrə verilən ən tutarlı cavab oldu. Azərbaycanın müstəqil daxili-xarici siyasət kursuna sabitdir. Ölkəmizin milli maraqlarına əsaslanan bu strategiya Azərbaycanın yerləşdiyi coğrafiyada sülhün, sabitliyin, inkişaf və tərəqqinin bərqərar olmasına xidmət edir. Azərbaycan regionda daha sıx qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış etməklə yanaşı bunun başlıca konpanentləri üçün də zəmin yaradır. Bu xüsusda  Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün rəsmi Bakı özünün konkret konsepsiyasını təqdim edib. Məhz Zəngəzur dəhlizinin reallığa çevrilməsi bölgədə yeni bir canlanmaya, iqtisadi-siyasi, mədəni əlaqələrin yaranmasına səbəb olacaq. Azərbaycanın müəyyənləşdirdiyi strategiya müstəqillik və suverenlik amilləri üzərində fundamental prinsiplərə söykənir. Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi kimi Azərbaycanın daxili və xarici siyasət kursunda əsas istiqamətlər qarşılıqlı maraqlara əsaslanan strateji bir xətt mövcuddur. Dövlətimiz həm yerləşdiyi coğrafiyada, həmçinin onun hüdudlarından kənarda hər kəslə bərabər statusda münasibətlərin formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu qarşılıqlı, maraqlara, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə və beynəlxalıq platformalarda həmrəyliyə əsaslanır”.