YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgəmizdə əmin-amanlığın və sülhün qarantı

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərinin qardaş Türkiyəyə olması qardaşlıq əlaqələrinin təzahürüdür. Fevralın 19-da Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

Ölkə başçısı bəyanatında  qardaş Türkiyənin Vətən müharibəsinin ilk saatlarından Azərbaycana siyasi-mənəvi dəstək verdiyini xatırlatdı. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat vermişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda ölkəmiz işğalda olan ərazisinin böyük hissəsini azad etmişdi və bütün 44 gün ərzində Türkiyə Azərbaycanın yanında idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra ölkəmizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bir nöqtəyə vurur. Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Ölkə başçısı İlham Əliyev onu da bildirdi ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrimizin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ölkələrimizin ticarət dövriyyəsi sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il ölkəmizdən Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

Prezident İlham Əliyevin qardaş ölkəyə rəsmi səfəri zamanı təhsillə bağlı önəmli anlaşma imzalandı. Anlaşmaya əsasən Türkiyə-Azərbaycan Universiteti yaradılacaq. Gələcəyə yönəlmiş bu təşəbbüs Türkiyə-Azərbaycan birliyinin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bəyanatında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına münasibət bildirən Prezident İlham Əliyev vurğuladı ki, gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır.

DİGƏR Xəbərlər Arxiv