YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atılan hər bir addım qardaşlığımızın təqdimatıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın və Türkiyənin dostluq, qardaşlıq münasibətləri hər zaman dünyanın diqqətindədir. Çünki mütəmadi olaraq bu qardaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atılır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin fevralın 19-da Türkiyəyə rəsmi səfəri ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyevin fevralın 7-də keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etməsi bir sıra mühüm məqamlara işıq salır. Dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində mətbuata birgə bəyanatlarında da bu məqama xüsusi diqqət göstərilir. Rəcəb Tayyib Ərdoğanın “İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə dünya üçün nümunədir. İki ölkənin bu qardaşlıq nümunəsini 44 günlük İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və ötən ilin fevralında baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz birlik bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri göz önündədir. Həm ikitərəfli formatda, həm regional müstəvidə iki ölkənin qardaşlığı və birgə fəaliyyəti önəmli bir amilə çevrilib. Azərbaycan-Türkiyə əlaqələri qədim tarixə malikdir. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət”dir. Mustafa Kamal Atatürk bu qardaşlığı, dostluğu “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri ilə ifadə edib.

Qardaş ölkələrin Prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, beynəlxalq təşkilatlarda bir-birilərinə dəstəkləri münasibətlərin daha da möhkəmləndirilməsində, yeni istiqamətlər üzrə inkişafında stimulverici amildir.  Bu birlik hazırkı dövrün əsas çağırışı olan türk dünyasının birliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Cənab İlham Əliyev sözügedən səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Hər iki dövlət başçısı Şuşa Bəyannaməsinin önəmindən geniş bəhs etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik”, Prezident İlham Əliyevin “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq” fikirləri də bunun bariz nümunəsidir.

Hər iki qardaş ölkə ən həssas məqamlarda Prezidentlər səviyyəsində biri-birinin yanında olur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentləri bir yerdə oldu. Onu da qeyd edək ki, cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərə ilk səfər edən dövlət başçısı oldu. Bu torpaqların bərpası ilə bağlı mühüm addımların təqdimatında dünya hər iki ölkənin Prezidentlərini bir yerdə görür. Türkiyə və Azərbaycan Prezidentləri Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya birgə açdılar. Bu kimi məqamları xeyli sayda sadalamaq olar.  Ötən ilin sentyabrında  Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda görüşdülər. Atılan hər bir addım qardaşlığımızın təqdimatıdır.  

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, görüşlərində qardaş Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi və mənəvi dəstəyindən danışır. Türkiyə səfəri zamanı mətbuata bəyanatında cənab İlham Əliyev bir daha diqqəti həmin dövrə yönəldərək vurğuladı ki, bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi: “Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.”

Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşında  göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

DİGƏR Xəbərlər Arxiv