YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməllərə əsaslanan birlik

“Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə əsaslanan dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi də iki ölkə arasında sarsılmaz birliyin nümunəsi oldu”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirb ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır.  Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. Hazırki münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər.

Millət vəkilinin sözlərinə görə, prezidentlərin görüşü zamanı iki qardaş ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan və Türkiyə xoş günlərin, zəfərlərin sevincini həmişə birlikdə bölüşürlər. İki ölkənin və xalqın dostluğu, qardaşlığı həmçinin çətin günlərin sınağından keçərək möhkəmlənib. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi və özünə inam hissini artırdı. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Türkiyədə səfərdə olan Prezident İlham Əliyev mətbuata bəyanat zamanı qardaş ölkənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirərək bildirib: “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq”.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəyə qardaş dəstəyi göstərir. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə lazımi dəstək üçün bütün imkanlar səfərbər olunub. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib. Eyni zamanda, bütün vətəndaşlarımız öz imkanları daxilində yardımlar edərək türk xalqı ilə çətin günlərdə həmrəylik nümayiş etdiriblər.

Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Hazırda Kahramanmaraş vilayətində tikinti işləri aparılır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanat zamanı deyib: “Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq”.

Pərvin Kərimzadə qeyd edib ki, Prezidentlər türk dünyasının birliyinin önəmini də vurğulayıblar. Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Çox sevindirici haldır ki, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Şuşada keçiriləcək. Bu Zirvə görüşünün Qarabağın rəmzi olan Şuşada keçirilməsi böyük məna kəsb edir. Bununla da, bir daha beynəlxalq birliyə mesaj veriləcək ki, Qarabağ tarixən Azərbaycan, türk torpağıdır.

Tərəflər arasında imzalanan sazişlərə gəlincə, YAP İdarə Heyətinin üzvü hesab edir ki, bu sənədlər münasibətlərin gələcək inkişafına böyük töhfələr verəcək.  O cümlədən, Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, bu, sadəcə olaraq, təhsil məsələsi deyil, həm də bizim birliyimizin növbəti rəmzidir. İnanırıq ki, gələcəkdə bu ali təhsil ocağı nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.

DİGƏR Xəbərlər Arxiv