YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya nümunə olan birlik

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir də daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu müttəfiqlik, birlik bütün istiqamətlərdə qurulub və nümunədir. İki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.

Prezident İlham Əliyevin fevralın 19-da Türkiyəyə rəsmi səfəri iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin dünəninə, bu gününə və perspektivlərinə işıq saldı. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarda Azərbaycan və Türkiyə arasında bu və ya digər sahələr üzrə əlaqələrin inkişafı geniş müzakirə edildi, yeni dövrün yeni hədəflərinin reallaşması əsasında ümumilikdə türk dünyasının daha sıx birliyinə geniş imkanlar yaranacağı diqqətə çatdırıldı.

“Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, nəqliyyat, enerji layihələri sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması  bizi çox sevindirir- 7,5 milyard dollar. Beş-altı il əvvəl  heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq. Ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edildi.  Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur. Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

O da bildirildi ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir. Hərbi gücümüz daha da artır: “İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.”

İki ölkə arasında əlaqələrin inkişafı bu reallığı da söyləməyə əsas verir ki,   Azərbaycan Prezidenti İlham Əliyevin  və Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ümumilikdə bütün türk dünyasının  birliyinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük stimul verir.  Prezidentlərin geniş tərkibdə görüşündə dövlət başçısı İlham Əliyev bildirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir. Prezident Rəcəb Tayyib Ərdoğan isə vurğuladı ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Həmçinin Azərbaycanın ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaşlıq dəstəyinə diqqət yönəldildi. Türkiyə Prezidenti “Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm” söyləyərək onu da bildirdi ki, digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir.  Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.

Cənab İlham Əliyevin budəfəki səfəri Azərbaycan-Türkiyə qardaşlığı tarixinə mühüm səhifə yazdı. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə üzrə keçirilən prezident seçkilərində inamlı qələbədən sonra qardaş Türkiyəyə reallaşdırılan ilk rəsmi səfər keçilən yolun təhlili, qazanılan uğurların fonunda yeni hədəflərin müəyyənləşdirilməsi, həmçinin sənədlərin imzalanması ilə yadda qaldı. Azərbaycan-Türkiyə Universitetinin yaradılması dostluğumuzun, qardaşlığımızın növbəti təqdimatı kimi dəyərləndirilir.

 Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə inkişaf edən əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini xüsusi qeyd edən qardaş ölkələrin Prezidentləri qarşıdakı dövrdə bu əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanların mövcudluğunu bildirdilər.

DİGƏR Xəbərlər Arxiv