YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün sferalarda geosiyasi təhlükəsizliyin təmini

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

XX əsrin 90-cı illərində Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə Türkiyə Cümhuriyyəti ölkəmizin tək olmadığını bütün dönəmlərdə sübut etdi. Bunun bariz nümunəsi Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək idi. Bu məqam olduqca mühüm əhəmiyyət kəsb etdi. Bu, ilk növbədə bir qardaşlıq nümunəsinə çevrilərək bütün dünya üçün örnək oldu. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin davranışı yeni geosiyasi vəziyyət baxımından olduqca vacib şərt idi - Prezident Ərdoğan bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Beynəlxalq tribunalarda, xarici dövlətlərdə azərbaycanlılarla çiyin-çiyinə dayanan Türk xalqı erməni yalanlarına, erməni böhtanına qarşı mübarizədə də birgə səylərini ortaya qoydu. Bu amil post-müharibə dövründə xüsusilə böyük vüsət qazandı. Yuxarıda qeyd edilən fikirlər Prezident İlham Əliyevin fevralın 19-da Türkiyəyə rəsmi səfəri zamanı verdiyi bəyanatın əsas leytmotivini təşkil edirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi bəyanatda qeyd edir ki,  təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır: “İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı”. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir.

Prezident bəyanatında bildirir: “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. Əslində Türkiyə - Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Bununla bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgəyə sabitlik, inkişaf və təhlükəsizlik gətirəcəyinə əmindir. 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəfləndi. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır.

Prezident həmçinin cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini bəyan etməklə Türk dünyasının birləşməsi və koordinasiya olunması baxımından yeni hədəflərə də işarə vermiş oldu: “Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək” deməklə türk xalqlarının vahid təşkilatda birləşdiyini göstərdi.

Son olaraq qeyd etmək istərdim ki, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi, ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. “Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur”. Yuxarıda deyilənlər hər iki ölkə liderinin mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərdiyindən xəbər verir. Bu baxımdan mövcud potensialın dəyərləndirilməsi, hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin aradan qaldırılması, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə verə bilər.

DİGƏR Xəbərlər Arxiv