YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi yaddaşlardan heç vaxt silinməyən dəhşətli faciələrdən biri

“Xocalı faciəsi XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduğu qanlı soyqırım aktıdır. 1992-ci ilin 25-dən, 26-a keçən gecə ermənilər məhz azərbaycanlı olduqlarına görə, əliyalın insanlara amansız divan tutub. Uşaqlar, qadınlar yaşlılar erməni şovnizminin, barbarlığının qurbanı olub. Bir xalqın milli iradəsini sındırmaq üçün Xocalıda amansız bir insanlıq faciəsi baş verib. Xalqı qorxutmaq, onun mübarizə əzmini sındırmaq üçün qaniçən cəlladlar məhz bu cür vəhşiliyə əl atıb. Bunu daha sonra erməni cəlladları, əli günahsız azərbaycanlıların qanına batmış şəxslər də etiraf ediblər.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu mənada ermənilərin törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir: “Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrdən biridir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylardandır. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Faciənin üzərindən 31 illik bir zaman keçsə də xalqımız bu qanlı soyqırım aktını heç vaxt unutmur. Bu hadisə Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq həkk olunub. Çünki həmin tarixdə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etsələr də, şəhəri tərk edən əhali pusquya salınıb, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirilib, sağ qalanlar isə əsir götürülüb. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak olub. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bilib. Bəşəriyyət tarixinin ən qanlı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb”. Millət vəkili hesab edir ki, bu qanlı faciə beynəlxalq hüquqa görə soyqırımı, sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayətdir: “BMT Baş Məclisinin 1948-ci il qətnaməsi və 1951-ci il yanvarın 12- dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb”. Deputat bildirib ki, Xocalı soyqırımının əsl mahiyəti və ona hüquqi siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtmasından sonra verilib: “1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verldi. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesi uğurla davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir”. Sevinc Hüseynova vurğulayıb ki, başına gətirilən bütün müsibətlərdən doğru-düzgün dərs çıxaran Azərbaycan xalqı nəhayətdə şəhidlərinin də qanını yerdə qoymadı: “Prezident İlham Əliyevin dediyi kimi, “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir Yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli anti-terror tədbirləri nəticəsində Xocalı, Xankəndi, Ağdərə, Əsgəran separatçılardan tamizləndi. Azərbaycan öz ərazisi üzərində konstitusiya quruluşunu tam təmin etdi. Uzun on illiklər bu ərazilərdə kök salmış separatizm yuvası darmadağın edildi. Cənab Prezident, Müzəffər Ali baş Komandan tərəfindən Xocalıda, Xankəndidə, Əsgəranda, və digər ərazilərimizdə ucaldılan şanlı üçrəngli bayrağımız həm də şəhidlərimizin ölməz ruhuna ən böyük töhfə idi. Bu gün şəhidlərimizin qisasını döyüş meydanında almış dövlət, xalq olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızı dərin hörmət və ehtiramla yad edirik. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib.