YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vəhşiliyin görünməmiş təzahürü

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Tariximizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir. 1992-ci il fevralın  25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı  baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı faciəsi iki yüz ilə yaxın  müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.   Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Bu soyqırım  bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın  24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.  Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan  ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Ümummilli Lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək bildirmişdir: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür.”

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.  Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası alındı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Tarixi Zəfərimizdən ötən  üç ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylər göstərildi. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmağa çalışdı. Lakin Ermənistan 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı kimi, postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək haqqında düşünmədi, hərbi təxribatlarını davam etdirdi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı. Vəziyyətin bu şəkildə davamı bir günlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Ötən ilin 15 oktyabr tarixində dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Artıq bu gün Xocalıda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 2024-cü ildə doğma yurd-yuvalarına qovuşacaq soydaşlarımız arasında xocalılar da olacaq.

Azərbaycan xalqı  başımıza gətirilən faciələri , o cümlədən XX əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Qəhrəmanlıqla dolu tariximizin  faciəli səhifələri  daim vərəqlənməli, indiki və gələcək nəsillərə çatdırılmalıdır.