YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndələri ICAPP-ın Gənclər Qolunun 7-ci iclasında iştirak ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə 2024-cü il 23-26 fevral tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda hakim Monqolustan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 7-ci iclasında iştirak ediblər.

13 ölkədən ICAPP-ın üzvü olan 19 siyasi partiyanın, habelə Parlamentlərarası İttifaq, Sosialist İnternasionalı kimi beynəlxalq təşkilatların ümumilikdə 100-dən artıq gənc nümayəndələrinin qatıldığı tədbirdə ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq, Monqolustanın Rəqəmsal İnkişaf və Kommunikasiyalar naziri, Monqolustan Xalq Partiyasının Sosial Demokratik Gənclər təşkilatının prezidenti Uçral Nyam-Osor və Monqolustan Parlamentinin sədri Qombocavin Zandanşatar çıxış ediblər.

Daha sonra ICAPP-ın Gənclər Qolunun Bürosunun yeni tərkibi seçilib.

“Parlamentdə gənclərə “Hə” deyirik” mövzusunda keçirilən iclasın 1-ci plenar sessiyasında çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov sürətli texnoloji inkişafın baş verdiyi və yeni qlobal çağırışların meydana çıxdığı indiki dövrdə gənclərin ictimai-siyasi həyatda rolunun artırılmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, gənclərin parlamentlərdə təmsilçiliyini dəstəkləməklə bu prosesə töhfə vermək olar. YAP Gənclər Birliyinin sədri, həmçinin Azərbaycanda həyata keçirilən gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib.

İclasın 2-ci plenar sessiyasında çıxış edən YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva gənclərin qanunvericilik orqanında təmsil olunmasının parlamentarizm ənənələrinə yeni nəfəs gətirdiyini söyləyib. O, Azərbaycan dövlətinin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, müxtəlif idarəetmə strukturlarında və parlamentdə gənclərin təmsilçiliyinin önəminə diqqəti cəlb edib.

Daha sonra müxtəlif ölkələrdən 100-dən artıq gəncin qatıldığı panel müzakirələrində iştirak edən S.Xasayeva Azərbaycanda gənclərin ictimai-siyasi fəallığının artırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda ICAPP-ın Gənclər Qolunun Ulan-Bator Bəyanatı qəbul edilib.

Fevralın 25-də mədəni proqram çərçivəsində iştirakçıların Çingiz Xan Milli Muzeyinə və “Terelj Bumban” tur düşərgəsinə ziyarəti təşkil olunub.

Səfər fevralın 26-da başa çatıb.