YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsi heç zaman unudulmayacaq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuşdur. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Bu faciə  bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində  sükut dəqiqəsi elan edilib. Bu mühüm addım faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz əhəmiyyətli rolunu oynayır.

Ermənilərin  azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Xocalı soyqırımından 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və  heç vaxt sağalmayacaq. Erməni faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu. 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi.

Ermənilər bununla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsa da xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu dəhşətli faciənin törədilməsindən illər keçsə də soyqırımın dəhşətləri unudulmayıb, unudulmayacaq da.   Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq

Onu da qeyd edək ki, işğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün davam edən  döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Silahlı Qüvvələrimiz bir daha hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. Təbii ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələrdə informasiya cəbhəsində üstünlüyü əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları məhz bugünkü reallıqlarımızdır. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ən əsası dünyanın ikili standartlara əsaslanan siyasətinə baxmayaraq sonda qələbə çalan ədalət olur.

Bütün dövrlərdə səsləndirilən çağırışlarımız sırasında tariximizin öyrənilməsi, faciələrimizin unudulmaması əsas yer tutur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, bu faciə  bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Erməni vəhşilikləri ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Emənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsini keçir. Tarixi Zəfərimiz özündə bütün məqamları ehtiva edir. Ermənilərin illərdir yaratdıqları miflər darmadağın edildi. Sübut edildi ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Tarixinə, torpaqlarına sahib çıxan xalq məğlubedilməzdir.