YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımını heç zaman unutmayacağıq!

Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. "Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlət tərəfindən ardıcıl fəaliyyətlər göstərilib və göstərilir. Həmçinin hazırda işğaldan azad olunan bölgələrdə yüksək səviyyədə bərpa-quruculuq işləri həyata keçirilir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ermənilərin törətdiyi Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu deyib. Bildirib ki, bu ağır faciə xalqımızı, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər edib.

K.Həşimova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb.

49 nömrəli məktəb-liseyin direktoru Elza Bağırzadə təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında danışıb. O diqqətə çatdırıb ki, faciədən illər ötsə də, Azərbaycan xalqı başına gətirilən bu hadisələri heç zaman unutmayacaq və gələcək nəsillərə ötürəcək.

Xocalı sakini, soyqırımının canlı şahidi Rəhman İsmayılov faciə gecəsi başına gələn acınacaqlı və şahidi olduğu dəhşətli hadisələrdən ürəkağrısı ilə bəhs edib.

Digər çıxış edənlər şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova və qazi Ramin Şirinov yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olduğunu deyiblər.

Çıxışçılar Ali Baş Komandan İlham Əliyev və rəşadətli Ordumuz sayəsində Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin qısasının alındığını vurğulayıblar.