YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq güclər artıq reallıqları qəbul etmək məcburiyyətindədir

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Müəyyən Qərb dairələrinin təzyiq cəhdlərinə baxmayaraq, güclü dövlətimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanaraq öz maraqlarını qətiyyətlə qoruyur. Bu səbəbdəndir ki, beynəlxalq güclər artıq reallıqları qəbul etmək məcburiyyətindədir. Azərbaycanın regionda və dünyada önəmi etiraf olunur. Bu baxımdan, Almaniyanın ölkəmizə münasibətdə hazırki mövqeyi müsbət qiymətləndirilə bilər. 7 fevral seçkilərində qələbə qazanması münasibətilə Almaniyanın Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi. Fevralın 17-də isə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin təşəbbüsü ilə Kansler Olaf Şoltsla görüşdü. Münxen görüşündən qısa müddət sonra isə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti respublikamıza səfərə gəlib. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Almaniyanın iş adamlarının ölkəmizə diqqətini artıran çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında əlverişli iqtisadi mühiti xüsusi fərqləndirə bilərik. Azərbaycan iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edib. Ölkə davamlı böyüyən iqtisadiyyata malikdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı görüşdə müəyyən Qərb dairələrinin ölkəmizə qarşı əsassız mövqeyindən, Avropada islamafobiyanın, irqi ayrıseçkiliyin geniş yayılmasından da bəhs edib. Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Ölkəmizin davamlı olaraq qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirlməsinə çağırışlar etməsi hər kəsə bəllidir. Regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən respublikamızın qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkələrarası münsaibətlər qarşılıqlı maraqlara əsaslanmalı, bərabərlik gözlənilməli və burada beynəlxalq hüquq normalarına istinad edilməlidir. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycanın səmimi, beynəlxalq hüquq normalarına əsaslanan siyasət aparmasına rəğmən, biz bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin ölkəmizə münasibətlərində açıq-aşkar qərəzçiliyə yol verdiklərinin şahidi oluruq. Bu məsələni Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha gündəmə gətirib. Görüşdə dövlətimizin başçısı Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalması faktına diqqət çəkib. İşğal illərində ermənilər misli görünməmiş vandalizm əməlləri törədərək həmin əraziləri dağıdıblar. İşğal nəticəsində 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb və ölkəmiz humanitar böhranla üzləşib. Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən və bir neçə gün bundan əvvəl 32-ci ildönümü qeyd edilən Xocalı soyqırımı insanlıq faciəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Buna baxmayaraq, biz işğal dövründə zamanında Ermənistan dövlətinin dünyada havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. Belə olan halda Azərbaycan düşmənin təxribatlarının qarşısını almaq üçün özü hərəkətə keçmək məcburiyyətində qaldı. 2020-ci ildə baş verən 44 günlük müharibədə Ermənistan layiqli şəkildə cəzalandırıldı. Qarşı tərəf kapitulyasiyaya məruz qaldı. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və beynəlxalq hüququ öz gücünə təmin etdi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində isə respublikamız Qarabağda separatizmin kökünü kəsməyə nail oldu. Ərazi bütövlüyünü və suverenliyini təmin etmək Azərbaycan dövlətinin müstəsna hüquqdur. Burada ölkəmiz hansısa bir beynəlxalq hüquq normasını, davranış qaydalarını pozmayıb. Əksinə həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində Ordumuz yüksək peşəkarlıq və humanizm nümunəsi ortaya qoydu - mülki infrastruktura ziyan vurulmadı, əhalinin həyatı qorundu.

Əslində, Azərbaycanın etdikləri bütün beynəlxalq müstəvilərdə təqdir olunmalıdır. Çünki biz təcəvüzkarı cəzalandırmışıq. Ancaq ayrı-ayrı dövlətlər və bəzi beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarına əsaslanan siyasətinə adekvat münasibət göstərmirlər, bizi əsassız olaraq günahlandırırlar. “İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq”, - deyə Prezident İlham Əliyev görüşdə vurğulayıb.

Dövlətimizin başçısı ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarını da əsassız hesab edib. Əgər bir il ərzində nümayəndə heyətinin hüquqlarının bərpası təmin olunmasa, ölkəmiz təşkilatın üzvlüyündən çıxmaq məsələsinə baxa bilər. Azərbaycan güclü dövlətdir və heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz!