YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr uğurla başlayıb, uğurla davam edəcək

“Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində  keçirilən VII qurultayından ötən üç il tariximizə möhtəşəm uğurları yazdı, ölkəmizin həyatında mühüm hadisə olan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı. Azərbaycanın demokratik inkişaf tarixinə daha bir parlaq səhifə yazıldı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, Azərbaycan Bayrağının işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanması hər birimizi qürurlandırır, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində qürurla qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Təbii ki, bütün bu uğurlarımız böyük səylərin, qətiyyətin, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında bir daha keçilən yolun təhlili əsasında bu reallığı diqqətə çatdırmışdır ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynadı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın regionun lider ölkəsinə çevrildi.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili müstəqilliyin ilk illərində ölkədə xalqı birləşdirəcək və ümummilli həmrəyliyi təmin edəcək yeni siyasi gücün formalaşmasını zəruri edən amilləri diqqətə çatdırıb: “90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdur. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdır. Ümidsizlik, cəmiyyətdə heç bir siyasi qüvvəyə inamın olmaması gənc müstəqil Azərbaycanın siyasi mənzərəsini təşkil edirdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin olmaması, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları torpaqlarımızın işğalına gətirib çıxarmışdı. Bütün bu reallıqlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciətində öz əksini tapmışdır.  Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır.”

Əliabbas Salahzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası  dəyişməz pinsipləri, sözlə əməl birliyi sayəsində   milyonların sevgisini qazandı, ümumxalq partiyasına çevrildi: “YAP-ın sıralarında bu gün 800 minə yaxın üzv biləşir. YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Partiyanın irəli sürdüyü təşəbbüslər, qurultaylarda qəbul etdiyi qərarlar ictimaiyyət tərəfindən böyük dəstək qazanaraq Azərbaycanın həyatında əhəmiyyəli rol oynayıb. Partiyanın 1999-cu ildə keçirilən birinci qurultayında müzakirə olunan məsələləri, qəbul edilən qərarları 2021-ci ildə keçirilən VII qurultayını şərtləndirən amillərlə müqayisə etdikdə YAP-ın, eyni zamanda, Azərbaycanın böyük inkişaf yolu keçdiyini böyük fəxr hissi ilə qeyd edirik. Artıq bu gün tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edirik. Zəfərimizin yaratdığı reallıqlar partiyanın VII qurultayının keçirilməsini zərurətə çevirdi. Artıq yeni qərarların qəbuluna, yeni Nizamnamənin təsdiqinə zərurət var idi. Cənab İlham Əliyevin qurultayda verdiyi tapşırığa əsasən müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqram işlənib hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi.”

Millət vəkili qeyd edib ki, partiyanın qurultaylarında qəbul olunan qərarlar ölkəmizin həyatında yeni mərhələnin başlanmasına stimuldur: “YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı kimi dəyərləndirildi. Yeni Azərbaycan Partiyası daim yeniləşməyə, təkmilləşməyə böyük önəm verir. Bu baxımdan hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərarı dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət etdiyi üçün  ölkə ictimaiyyəti tərəfindən  rəğbətlə qarşılanır. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının əsas prioritetidir. Azərbaycanın xarici siyasətinin əsas məsələsi bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşurlar.”

Əliabbas Salahzadə onu da vurğulayıb ki, YAP ölkənin vətənpərvər, intellektual gənc nəslin nümayəndələrini özündə birləşdirir: “Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti cənab İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən bu günə yetişən gənclikdir. Partiyanın hər bir üzvü, o cümlədən gənclər postmünaqişə dövrünün reallıqlarının təbliğinə öz töhfələrini verməyə səy göstərirlər. Partiyanın yeni Proqramında əksini tapan vəzifələrin uğurlu icrasında gənclər xüsusi fəallıq nümayiş etdirirlər. Tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində də  Azərbaycan gənclərinin yüksək fəallığı  diqqətdən kənarda qalmadı. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurludur.  Suverenliyimizin tam bərpası ilə ölkəmizin həyatında yeni dövrün başlanması, bu mərhələnin mühüm hadisəsi olan 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi gələcəyə daha böyük inamla addımlamağa stimul verir.”

DİGƏR Xəbərlər Arxiv