YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli tərəqqinin yeni mərhələsi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaradılması ötən əsrin 90-cı illərinin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanıb. Həmin vaxt cərəyan edən ağrılı-acılı hadisələr respublikada böhranlı şərait yaratmışdı. Mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti ölkəni dərin uçurumla üz-üzə qoymuşdu. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Xalq Azərbaycanı bu ağır şəraitdən çıxarmağın, müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırmağın yeganə yolunu dahi şəxsiyyəti hakimiyyətə gətirməkdə görürdü.

Məhz YAP-ın yaradılması da bu reallıqdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyev partiya yarandıqdan 6 ay sonra çoxsaylı çağırışları cavabsız qoymayaraq, xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəldi və az bir müddət ərzində ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının gerçəkləşməsi istiqamətində önəmli addımlar atıldı. Ordu quruculuğu prosesinə başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması isə dahi şəxsiyyətin apardığı müdrik siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi. 1992-ci ilin 21 noyabrında təsis edilən Yeni Azərbaycan Partiyası qısa zaman ərzində iqtidar partiyasına çevrilərək uzun inkişaf tarixi yol qət etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi yolunu 2003-cü ildən sonra layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 20 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi. Zaman Ümummilli Liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla - yüksələn xətt üzrə davam edir. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu isə dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Reallıqlar isə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.

YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərini, uzaqgörənliyini şərtləndirdi. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlarla mühüm dəyişikliklər oldu. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. O cümlədən yeni Nizamnaməyə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat Mehriban xanım Əliyevaya göstərilən etimadın, onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır.

2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması, 19-20 sentyabr tarixində uğurlu lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın ucaldılması ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, konstitusyon hüquqlarımızın və tarixi ədalətin tam bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Qeyd edək ki, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlayıb. Həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə, müharibə əlillərinə, qaçqın və məcburi köçkünlərə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqamətini təşkil edir. Mehriban xanım Əliyevanın YAP Sədrinin birini müavini kimi fəaliyyəti də YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdardır. Fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. Parlaq Vətən müharibəsindən sonra soydaşlarımızın əzəli yurdlarına ilk qovuşma xoşbəxtliyini yaşayanlar isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular. Bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyamızın Sədri, dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

Son olaraq qeyd edək ki, Partiyamızın namizədi olan cənab İlham Əliyevin xalqımızın etimadını növbəti dəfə qazanaraq 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması ölkəmizin hələ bundan sonra da yeni-yeni nəaliyyətlər əldə edəcəyindən və yeni-yeni zirvələr fəth edəcəyindən xəbər verir.

DİGƏR Xəbərlər Arxiv