YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu layihə həqiqətən də uğur hekayəsidir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

“Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.” Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının açılışında bu fikirləri ilə səylərin birləşdirilməsi, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi fonunda qarşıya qoyulan hədəflərin zamanında və yüksək səviyyədə həyata keçirilməsinin mümkünlüyünü bildirdi.

Qeyd edək ki, Azərbaycanın bugünkü inkişafında öz payı olan, iqtisadi və siyasi mövqeyini möhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasından öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması əməkdaşlıq əlaqələrinin qurulmasında və illər keçdikcə daha da möhkəmlənməsində öz sözünü dedi. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanmasına şərtləndirdi.  2015-ci ildən etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi  Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı Azərbaycanın bu sahədə qazandığı  uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır.  Əsas olan gündəmə gətirilən hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatdırılması və yeni layihəyə yol açmasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı. Əməkdaşlığın regional çərçivədən başlayaraq getdikcə coğrafiyasını genişləndirməsi, beynəlxalq miqyas alması da deyilənlərin təsdiqidir.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, həm iştirakçı, həm də dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatını şərtləndirir. Günümüzün reallıqlarından biri budur ki, Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq prioritetdir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının açılışında dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu kimi məsələlərə yönəltdi. “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq” söyləyən Prezident İlham Əliyev bildirdi ki, əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var. “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.

Tədbirin iştirakçılarının say tərkibini, qatılan ölkələri, şirkətləri, beynəlxalq qurumları əvvəlki toplantılarla müqayisə etdikdə xeyli artımın olduğu aydın şəkildə görünür. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, digər tərəfdən iştirakçılar arasında etimad mühitinin mövcudluğunun göstəricisidir. Dövlətlərarası münasibətlərdə etimadın mövcudluğu əsasdır.

Bugünümüzün əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu dəfəki toplantısında bu sahədə əməkdaşlıq məsələləri geniş müzakirə edildi. O da məlumdur ki, dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Bu məqsəd üçün Azərbaycana ixrac marşrutları lazımdır. Əvvəldə də qeyd etdiyimiz kimi, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda daim bu əminliyi ifadə edir ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmizin tezliklə bərpaolunan enerji mərkəzi kimi tanınacağı şübhəsizdir. Bu baxımdan Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-u xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyev sözügedən toplantıda bu mühüm məqama da xüsusi diqqət yönəltdi. “Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, bəli, kifayət qədər neftimiz, qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı iradəmizi nümayiş etdirir.

Cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində də bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd edildi ki, COP29 ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik. Ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik: “Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.”

DİGƏR Xəbərlər Arxiv