YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizi uğur hekayəsidir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Martın 1-də   Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının keçirilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında roluna bir daha işıq saldı. Bu mühüm tədbir enerji diplomatiyamızın uğurlu səhifəsi kimi xarakterizə edilir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında “Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir” fikirləri ilə toplantının məqsədini açıqladı və bu fonda belə bir reallığı da diqqətə çatdırdı ki, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması birgə səylərin nəticəsidir.

Azərbaycan hər bir layihənin vaxtında və uğurlu sonluqla başa çatmasına səy göstərir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri yüksək səviyyədə qarşılıqlı etimaddır.

Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Cənab İlham Əliyevin toplantıda qeyd etdiyi kimi, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.

Dövlət başçısı bu mühüm məqamı da qeyd etdi ki, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik.

Əsas hədəflərdən biri Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət edib və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır.  Qaza tələbat var. Bunun üçün resurslarımız və müvafiq infrastrukturumuz da var. Cənab İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.

Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, lakin heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.

Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda artan nüfuzu enerji diplomatiyamızın uğurlarının davamlılığında da özünü qabarıq şəkidə nümayiş etdirir. Ölkəmizin ötən ildə, həmçinin cari ilin ilk ayında enerji sektorunda qazandığı uğurların xronologiyası qeyd etdiklərimizin təsdiqidir. O da məlumdur ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Buna əsas verən resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızdır. Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası, səylərin birləşdirilməsi fonunda görülən işlər yalnız dünyanın enerji təhlükəsizliyinin təminatı məsələsi deyil. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır. Bu layihələr ölkələri, xalqları bir araya gətirərək Azərbaycanın dostluq körpüsü kimi qazandığı imicə yeni əlavələr edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində bir daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan bəhs edən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, qazıntı yanacağına sahib olan ölkə olmağımız nailiyyətimizdir. Biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Cənab İlham Əliyev  səsləndirilən reallıqdan uzaq fikirlərə də münasibətini açıqladı:  “Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”

Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqlara yol açdı. Bu gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini reallığa çevirməklə dünyanın enerji xəritəsini yenidən tərtib edir.