YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik dayanıqlı inkişafın əsasıdır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

“Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır… Biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın.” Dövlət başçısı İlham Əliyevin  altıncı çağırış Milli Məclisin  10 mart 2020-ci il tarixindən keçirilən ilk iclasında söylədiyi bu fikirlər sabitlik amilinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu təsdiqlədi.

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Təbii ki, bu gün Azərbaycanın ən islahatçı ölkə kimi nüfuz qazanmasında yaradılan möhkəm təməl əhəmiyyətli rol oynayır. Dövrün tələblərinə uyğun olaraq islahatların dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafında öz sözünü deyir. Məlum olduğu kimi, 2019-cu ilin sonlarında Yeni Azərbaycan Partiyası ölkədə gedən islahatlar prosesinin qanunvericilikdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs əsasında prosedur qaydalarına uyğun olaraq atılan addımların nəticəsində 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi.

Həmin il martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası əvvəldə də qeyd etdiyimiz kimi, ötən illərin uğurları, qazanılan təcrübənin fonunda yeni parlamentin qarşısında dayanan çağırışların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki,  altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək: “Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır.”

Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək bu istiqamətdə davamlı addımlar atır. Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkəmiz  iqtisadi və siyasi islahatların vəhdətliyini təmin etməklə hərtərəfli inkişafa stimul verir.

Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu nəzərə alsaq, dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı  biri-birindən əhəmiyyətli addımlar beynəlxalq səviyyədə təqdir edilir.  İnsan amili dövlət siyasətinin əsasıdır.

Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 20 ildən artıq dövrün diqqətdə olan məsələləri sırasındadır.  “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi.  Bu məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında belə bir çağırışı da diqqətə çatdırmışdır ki, islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Deputatlar qarşısında qanunvericilik sahəsində  böyük vəzifələr durur.  Çünki parlamentin əsas işi qanunvericilikdir: “Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır.”

Həmçinin “Media haqqında” Qanun qəbul edildi. Təkcə iki qanunun əsasında bu fikri qeyd edə bilərik, bəzən sənədlərə dövrün tələblərinə uyğun olaraq əlavə və dəyişikliklər edilsə də, artıq müəyyən zamanda yenin qanunun qəbuluna zərurət duyulur. Həmin qanunların qəbul edildiyi dövrün reallıqları ilə hazırkı dövr tamamilə fərqli olduğu üçün belə bir zərurətin  reallığa çevrilməsi qaçılmazdır.

Azərbaycanın hazırda inkişafın hansı mərhələsində olduğu göz qabağındadır. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib.  Qarşıda yeni çağırışlar, vəzifələr dayanır. Onların icrası islahatlar prosesinin daha da dərinləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan daim təkmilləşməyə, yeniliklərə xüsusi önəm verir. Daim yeni təcrübələrin ölkəmizdə də tətbiqinə maraq göstərir və bunu atdığı addımları ilə təsdiqləyir. Cəmiyyətin idarə olunmasında, ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızda da bu təkmilləşmənin həyata keçirilməsi, yaxud yeni sənədin qəbulu bir tələb kimi qarşıda dayanır.

Cənab İlham Əliyev sözügedən proqram xarakterli çıxışında bu məqamı da böyük əminliklə qeyd etmişdir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq.”

2020-ci ilin 10 mart tarixindən ötən 4 ilin qısa təhlili bu qənaətə əsas verir ki, dövlət başçısının qarşıya qoyduğu hədəflərə doğru atılan addımlar sistemli xarakter daşıyır. Azərbaycan islahatçı ölkə kimi qazandığı imicə daim yeni əlavələr edir. Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu çağırışı da etmişdir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.  Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.